Şuşa işğal olunanda qəhrəmanımız doğulmamışdır. Amma dünyaya gələndən sonra Şuşalı olduğunu hər addımda hiss elətdirdi. Nicat Sərdar oğlu Eyvazlı məcburi köçkünlüklə bağlı 27 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Təhsilini də elə burada – Bakı şəhər 94 saylı tam orta məktəbində almışdır. Orta məktəbdən sonra təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirən Nicat Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Bir şuşalı kimi, azərbaycanlı kimi onun da arzusu işğaldan qurtulmaq, doğma yurda qalıb kimi qayıtmaq idi. Ona görə də tərxis olunduqdan sonra da bu arzuya sadiq qaldı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə könüllü qatılaraq şərəfli bir əsgər kimi Şuşa, Füzuli, Xocavənd, Qubadlı uğrunda döyüşlərdə igidlik göstərdi. 8 noyabr 2020-ci ildə Şuşada yaralanmış, III dərəcəli əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə N.Eyvazlı "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.
İsa Musayev