24.04.2025, 22:28
AZ EN
29.11.2022, 09:41 586

Bərdənin qəhrəman oğlu

XƏBƏRLƏR
  • Bu gün şəhid Devran Nayıbovun doğum günüdür. O, üç bacının yeganə qardaşı idi. Doğmaları söyləyirlər ki, torpaqlarımızın işğal altında qalmasını Devran özünə bağışlaya bilmirdi. Ona görə də, Vətənin azadlığı üçün əlindən gələni elədi. Hərbçi oldu, özü də Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olmağı bacardı. Xarici ölkələrdə hərbi təlimlərdə iştirak elədi, yarışlarda birinci oldu. Özünü Vətənin azadlığı naminə hərtəfli hazırladı. Bu igid oğlumuzun arzusu Vətən üçün vuruşub torpaqlarımızı azad etmək və üçrəngli bayrağımızı Şuşaya sancmaq idi...

Devran Fazil oğlu Nayıbov 1993-cü il noyabrın 29-da Bərdə rayonunda anadan olub. O, 2011-ci ildə Bərdə şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Bir kəşfiyyatçı kimi nümunəvi hərbi xidməti ilə həmişə fərqlənib və buna görə də rəhbərlik tərəfindən dəfələrlə təltif olunub. Devranın arzusu xüsusi təyinatlı qoşunlarda xidmət etmək olduğu üçün həqiqi hərbi xidməti başa vurduqdan sonra bu sahədə çalışmağa qərar verib. Silahlı Qüvvələrin ən güclü qoşun növü sayılan XTQ-ə qəbul olunmaq elə də asan deyildi. Ancaq Vətən naminə Devran bunu bacardı...
O, 2016-cı ildə qardaş Türkiyədə döyüş hazırlığı kursunu müvəffəqiyyətlə bitirdi. 2018-ci ildə Türkiyədə keçirilən “EFES- 2018” beynəlxalq hərbi təlimlərdə otuz iki ölkə arasında birinci yerə layiq görülüb. Bundan başqa Devran Pakistanda, İsraildə, Özbəkistanda, Tacikistanda və Qazaxıstanda hərbi təlimlərdə və yarışlarda iştirak edərək ölkəmizin hərbi qüvvələrini ləyaqətlə təmsil edib.

Devran Nayibov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Tovuz döyüşlərində iştirak edib və komandanlıq tərəfindən verilən tapşırıqları uğurla yerinə yetirib.
Azərbaycan Ordusunun kiçik giziri Devran Nayıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və torpaqlarımızın bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı qürurla döyüşlərə qatılıb. O, döyüşlər zamanı həmişə öndə olub, digər əsgər yoldaşları ilə düşmənə qan uddurub.
Vətənin mərd oğlu Devran Nayıbov oktyabrın 7-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmanlıqla şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında böyük bir izdiham və ehtiramla dəfn olunub.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Cənnətdə doğum günün mübarək olsun, qəhrəman oğul! Rahat uyu, sənin şəhadətindən sonra özün kimi mərd oğullar Şuşaya bayrağımızı sancdılar. Ruhun şad olsun, məzarın nurla dolsun...

Mina RƏŞİD

Oxşar xəbərlər