21.10.2024, 00:10
AZ EN
16.03.2023, 17:55 191

Qarabağla bağlı videoreportaj Braziliyanın dövlət kanalında yayımlanıb

XƏBƏRLƏR
  • Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn braziliyalı jurnalistlər tədbirdən sonra, həmçinin Qarabağa səfər ediblər. Braziliyanın media mənsubları 30 ilə yaxın işğal altında qalan və rəşadətli Ordumuz tərəfindən 44 gündə işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyətlə tanış olublar və xüsusi reportaj hazırlayıblar.

Azərbaycanın Braziliyadakı səfirliyindən bildirilib ki, onlar Ağdam rayonu və oradakı “İmarət” tarixi kompleksində, Şuşa və Füzuli şəhərlərində çəkilişlər aparıblar, ermənilər tərəfindən törədilmiş urbisid və ekosidin, vəhşiliklərin əyani şahidi olublar. Braziliya tamaşaçılarına təqdim olunan reportajda bildirilir ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra ilk qarşılaşdığı problem məhz minalarla bağlıdır.

Bu reportaj vasitəsilə Braziliyanın ictimaiyyətinin diqqətinə Ağdam rayonunun erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri - Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının erməni vandalizminin qurbanı olması faktı da çatdırılıb.

Reportajda braziliyalı jurnalistlərin Cümə məscidi, Şəhidlər xiyabanı və Ağdam Dram Teatrını ziyarət etdiyi də öz əksini tapıb. Urbisidə baxmayaraq, Ağdamda sürətlə tikinti və bərpa işlərinin aparıldığı da vurğulanıb.

Martın 14-də efirə gedən videoreportaj 212 milyon əhalisi olan Braziliyanın “Braziliya TV” dövlət kanalında xəbərlər proqramı çərçivəsində yayımlanıb. Videoreportajın növbəti günlərdə yenidə efirə gedəcəyi istisna edilmir.("AZERTAC")

Oxşar xəbərlər