2020-ci il sentyabr ayının 27-də Ordumuzun əks-hücum əməliyyatı və torpaqlarımızın azad edilməsi uğrunda başlanan Zəfər yürüşünə Vüsal da böyük həvəslə qoşulub. Sentyabrın 26-da Ağcakənd istiqamətindəki hərbi hissəyə yollandıqlarını deyən qazi döyüşlərə də elə həmin ərazidən başlayıb: “Müharibənin başlandığını eşidəndə çox sevindik. Dedik, nə yaxşı ki, bu müqəddəs davada bizim də payımız olacaq. Axşam silah-sursatımızı da götürərək maşınlarla dağa qalxıb toplanma məntəqəsində qərarlaşdıq. Sentyabır ayı olsa da hava çox soyuq idi, sıx duman vardı, isti olsun deyə bir-birimizi qucaqlayıb yatdıq”.
V.Mehdiyev deyir ki, səhər tezdən müharibə başladı, biz “URAL”a minərək irəliyə getdik. Ünvana çatıb maşından yenicə düşmüşdük ki, düz maşının yanına mina atdılar. Xoşbəxtlikdən düşmən mərmisi partlamadı, yoxsa yaralı və ya şəhid olacağımıza şübhə yox idi. Sonra ağır artileriyadan qarşılıqlı intensiv atışma başladı, tez qaçıb səngərlərdə mövqe tutduq. Şükürlər olsun ki, həmin gün nə şəhidimiz, nə də yaralımız olmadı, xeyli ərazini də azad etdik. Ertəsi gün əmir gəldi ki, Talış kəndi istiqamətinə getməlisiniz. Biz çatanda artıq kənd digər birliklərimiz tərəfindən azad edilmişdi, ona görə də meşəlik əraziyə gedib gecəni orada gözlədik. Səhəri gün Suqovuşana getməli idik.
“Səhər açıldı, getmək üçün maşın gözləyirdik, o anda döyüş gedən digər istiqamətdən bizə tərəf sürətlə bir “URAL”ın gəldiyini gördük, yanımıza çatanda dedilər maşında yaralı var, tez köməyə gəlin. Yaralını götürüb təcili bibbi yardım maşınına apardıq. Dəhşət idi, yaralımız qan içindəydi, ayaqları yox idi. Tüklərim ürpəşdi, çox pis oldum. Bir yaralı da var idi, qarın boşluğuna qəlpə dəymişdi, buna baxmayaraq həkimə deyirdi ki, məni buraxın, döyüşə davam etmək istəyirəm, yoldaşlarıma kömək lazımdır. Bu cür cəsur, igid, döyüş ruhlu əsgərləri görəndə adam həqiqətən qürürlanırdı”.
Sonra qazimiz deyir ki, yaralıları tibb məntəqəsinə göndərdikdən sonra axşam saatlarında Suqovuşana çatdıq. İri bir bayrağımız var idi, yolda gedərkən onu maşının üzərində dalğalandırırdıq və bayrağımız dalğalandıqca döyüş ruhumuz daha da alovlanırdı. Özümüzə söz vermişdik ki, işğalda olan bütün torpaqları azad edib orada bayrağımızı dalğalandıracağıq. Elə bu arzularla mənzil başına çatdıq. Artıq piyada getməli idik. Bir neçə kilometr getdikdən sonra qarşıdan yol dönürdü, 30-40 metr irəlidə isə ermənilərin yeraltı bunkeri var imiş. Qəflətən düşmənlə üz-üzə gəldik, şiddətli atışma başladı, geriyə çəkilə bilmədik. Komandirimiz mayor Zamanov əl qumbarasının fitilini çəkərək ermənilərin üzərinə yüyürdü. Xeyli sayda düşmən yerindəcə məhv edildi, mayor Zamanov isə qəhrəman kimi şəhid oldu. Tez irəli gedərək mayoru döyüş meydanından çıxardım, daha 8 nəfər də yaralanmışdı. Şəhid və yaralılarımızı götürərək tibb məntəqəsinə apardıq.
Səhər kəşfiyyat bölüyü gələrək bunkerə hücum etdi. Biz də onlara qoşulduq. Düşmən minomyot mərmisi atdı. O anda sağ qolumda yüksək dərəcədə istilik hiss etdim, baxanda gördüm ki, qolumun dirsəkdən aşağı hissəsi yoxdur. Sonra isə ölümcül ağrı hiss etdim, dözmək olmurdu, qaçaraq qışqırmağa başladım. Lakin on addım qaça bildim, taqətim yox idi, yerə yıxılıb qıvrılmağa başladım. Döyüş yoldaşlarım və sanitarlar sağ olsunlar, tez yanıma gələrək mənə ilk tibbi yardım göstərdilər. Sonra isə məni Naftalana apardılar. Vəziyyətim ağır olduğu üçün isə oradan Gəncəyə, daha sonra isə Bakıya gətirildim. Hazırda qoluma protez yerləşdiriblər, təbii ki, öz qolum kimi olmasa da, bununla yaşamağa öyrəşməliyəm.
Qazimiz müharibə zamanı keçirdiyi günləri xatılayır: “Biz meşəlikdə yağışlı günlərdə 6 gün aç-susuz qalmışıq. Amma bu, şəxsi heyəti ruhdan salmırdı. Komandirimiz deyəndə ki, yorğunsunuz, istirahət edin, deyirdik ki, düşməndən torpaqları azad etməyənə kimi yaşadığımız hər gün, yediyimiz hər tikə çörək bizə haramdır. Mənim ən böyük arzum Qarabağın azadlığı uğrunda döyüşmək olub. Tanrıya şükürlər olsun ki, bu arzum yerinə yetdi, Qarabağın alınmasında mən də iştirak etdim. Qazi olmağımla da fəxr edirəm. Allah millətimizi, cənab Ali Baş Komandanımız İlham Əliyevi qorusun. Məhz Onun həyata keçirdiyi siyasət və ordu quruculuğu sayəsində Azərbaycan şanlı Qələbə qazandı. Dünya bizim gücümüzü, iradəmizi, döyüş ruhumuzu gördü. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Vüsal Mehdiyev müharibədən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Üç bacının yeganə qardaşı olan qazimiz indi nəinki doğmaları, həm də bütün Vətən övladları üçün bir nümunə, qəhrəmanlıq nişanəsidir.
Mina RƏŞİD