Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Abdullayev Vüsal Şakir oğlu 1986-cı il martın 15-də Beyləqan rayonunun Sarı-su qəsəbəsində anadan olmuşdur. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedin, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayır. Atası sovxozda traktorçu işləyib.Lap kiçik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi öyrəndiyi üçün kənddə atası kimi traktor işlədib.3 aprel 2003-cü il aprelin 3-də həqiqi hərbi xidmətə yollanıb.Xidmətini Tərtər bölgəsində keçirib.Çox fəal əsgər olduğu üçün valideynlərinə həmişə təşəkkürnamə gəlib.2004-cü ilin dekabr ayında əsgərliyini başa vuraraq ,öz kəndlərinə qayıdıb, yenə təsərrüfatla məşğul olub.
Vətən müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yola düşüb.Onun ağır döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlıdan keçib. Son döyüşü Qubadlı uğrunda gedən qızğın döyüşdə olub. Həmin gün onların taqımı düşmənin beş postunu dağıdıb. Uşaqlıqdan zəhmətə alışan, torpağı sevən Vüsal Vətən torpağının düşməndən təmizlənməsi üçün var gücü ilə vuruşub. Cəbhə boyu döyüş zonalarındakı uğurlar kəndlərimizin, ərazilərimizin düşmən tapdağından təmizlənməsi igid döyüşçümüzün qəlbini fərəhlə doldurub, döyüş əzmini daha da artırıb.
Vüsal Abdullayev 2020-ci il oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Bir müddət nəşini götürmək mümkün olmayıb.Noyabr ayının 4-ü Vüsalın nəşi ailəsinə verilib. Elə həmin gün Vüsal doğulduğu kənddə böyük ehtiram və izdihamla dəfn olunub.
Ölümündən sonra döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə"medalları ilə təltif olunmuşdur.
Allah şəhidimizə rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ