Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR səhiyyə naziri Teymur Musayev, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev, Xalq rəssamı akademik Ömər Eldarov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, AMEA-nın və Elm və Təhsil Nazirliyinin bir sıra elmi müəssisələrinin direktorları, Azərbaycan Tibb Universitetinin, Mərkəzi Klinikanın və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nümayəndələri, həmçinin akademik Mustafa Topçubaşovun ailə üzvləri iştirak ediblər.
Əvvəlcə AMEA-nın Rəyasət Heyətinin binasında akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb, tədbirin ölkə Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində keçirildiyini bildirib.
Akademik Mustafa Topçubaşovun elmi-təşkilati fəaliyyətindən danışan akademik İsa Həbibbəyli bildirib ki, o, 1945-ci ildə AMEA-nın təsisçilərindən biri olub və akademik seçilib, Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifələrində çalışıb.
Sonra tədbirdə AR səhiyyə naziri Teymur Musayev, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və ATU-nun akademik M.Topçubaşov adına III Cərrahi xəstəliklər kafedrasının doktorantı Hilalə Abbasova çıxış edərək akademik Mustafa Topçubaşovun Azərbaycan tibb elminə, səhiyyəsinə, yüksək ixtisaslı kadr hazırlığı işinə verdiyi töhfələrdən danışıblar.
Sonda Topçubaşovlar ailəsi adından oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tahirə AĞAMİRZƏ