Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad ediləndən sonra meliorasiya-irriqasiya sahəsində həyata keçirilən kompleks tədbirlərdən biri məhz burada aparılıb. Xatırladaq ki, çayın məcrasında tikilmiş “Köndələnçay-1” 1962-ci ildə, “Köndələnçay-2” isə bundan xeyli əvvəl, 1951-ci ildə istismara verilib. İşğaldan sonrakı bərpa və quruculuq proqramı çərçivəsində hər iki su anbarında əsaslı təmir işləri aparılıb və Prezident İlham Əliyev iştirakı ilə 2024-cü il mayın 10-da kompleks yenidən işə salınıb. Həmçinin 1980-ci ildə istismara verilmiş ümumi su tutumu 9,5 milyon kubmetr olan “Aşağı Köndələnçay” su anbarında da əsaslı təmir işləri aparılıb. Daş örtüklü torpaq bəndin yuxarı çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, siyirtmələr yenilənib, sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub. Beton konstruksiyalar, binanın mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib və Köndələnçaydan suvarma işlərində səmərəli istifadə etmək məqsədilə Yağlıvənd, Dövlətyarlı və Mirzəcamallı kəndləri ərazisində 3 su anbarı tikilib. Füzuli rayonu ərazisində çayın üzərində su tutumu 2 milyon kubmetr, Yağlıvənd kəndi yaxınlığında 4 milyon kubmetr olan su anbarları yaradılıb. Quruçaydan gələn sular su anbarına yönəldilərək ətraf ərazilərin su ehtiyacını təmin edəcək.
Röya SALMANQIZI