Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, baş leytenant Rahim Qalib oğlu Mikayılovun doğum günüdü. O, 1990-cı il sentyabrın 3-də Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 2007-ci ildə İkinci Nügədi kənd 3 saylı tam orta məktəbin məzunu olub. Daha sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra həyatını hərbi sahəyə həsr edib. Qüsursuz xidməti ilə baş leytenant ali hərbi rütbəsinə yüksəlib. Göygöldə yerləşən hərbi hissədə əvvəlcə taqım, sonra isə həmlə qruplarında bölük komandiri kimi fəaliyyət göstərib. Rahim Mikayılov Aprel döyüşlərinin də fəal iştirakçısı olub. Döyüşlərdə fərqləndiyinə görə fəxri fərmanla təltif olunub.
İkinci Qarabağ Müharibəsinin ilk günlərində Murov-Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərib və Murov zirvəsinin azad olunmasında iştirak edib. 27 sentyabrda Kəlbəcərin Camışdağ zirvəsində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin müqəddəs nəşi düz 118 gündən sonra tapılaraq doğma Qubaya gətirilib. Rahim Mikayılov İkinci Nügədi kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Rahim şəhadətə ucalandan bir ay sonra oğlu Əhməd dünyaya gəlib.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən baş leytenant Rahim Mikayılov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni" ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD