Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.
Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.
Ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.
Həmçinin iki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.
Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi olduqca vacibdir. (AZƏRTAC)