22.11.2024, 15:16
AZ EN
09.02.2023, 09:25 268

18 yaşlı Əli müharibəyə könüllü gedib

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından biri, şəhid əsgər Heydərov Əli Vaqif oğlunun doğum günüdür. O, 2002-ci il fevralın 9-da  Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. Əli 2 yaşı olanda ailəsi Bakıya köçüb. Onlar əvvəlcə Binəqədi rayonunda, sonra isə Sabunçu rayonunun Pirşağı qəsəbəsinə köçüblər. Ancaq Əli sevimli sinif yoldaşlarından, müəllimlərindən ayrılmaq istəməyib. Elə birinci sinifə getdiyi 135 nömrəli ota məktəbdə 9-cu sinifə qədər təhsil alıb.

 2020-ci ilin mayında Əli həqiqi hərbi xidmətə yollanıb və Beyləqan rayonunda N saylı hərbi hissədə Vətənə xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri Əli Heydərəv 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 3-də Füzuli uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz böyük izdiham və ehtiramla Pirşağı qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası Gülbəniz Heydərova 4 yaşından Əlini tək böyüdüb. Deyir ki, Əli ona qardaş, dost, arxa-dayaq idi. Müharibə başlayanda Əlinin ürəyi dözməyib könüllü döyüşlərə qatılıb. Həm də, bunu anasından gizli edib.

Anası övladı ilə bağlı xatirələrində deyir ki, oğlu hələ dünyaya gəlməmiş qızı yuxuda görüb ki, ağsaçlı nurani bir insan onlara gəlib və bir oğlan uşağı verib anasına, adını da Əli qoyub. Əli bacısının yuxusundan iki il sonra dünyaya gəlib. Anası deyir ki, Əlinin Şəhid olacağını da əvvəlcədən hiss etmişdim: “Mənə xəbər verəndə ki, oğlum yaralanıb bildim ki, yalandır. O anda yerə çökdüm. Sanki gözlərimdə yerlə göy birləşdi. Amma yenə də, Vətən sağ olsun. Oğlum öz istəyi ilə müharibəyə gedib. Demişdi ki, biz Zəfər çalanda qurban kəsərsən. Vətənə qurban gedən oğlumun sözünə əməl etdim. Qələbəmiz üçün qurban kəsib payladım”.

Əli Vətən uğrunda şəhadətə ucalanda cəmi 18 yaşı vardı. Amma o, bu gənc yaşında Zəfər tariximizə öz qanıyla imzasını atdı. Vətən uğrunda fəda olanları unutmur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, əsgər balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər