Salatın Əziz qızı Əsgərova 1961-ci ildə Bakı şəhərində anadan olmuşdu. Ali təhsilli mühəndis idi. Lakin jurnalistika peşəsinə maraq göstərmiş, dövrün nüfuzlu nəşri olan “Bakı”-“Baku” qəzetində işə başlamışdı. Sonra yaradıcılıq fəaliyyətini “Molodyoj Azerbaycana” qəzetində davam etdirirdi. Möhkəm iradəsi və cəsurluğu ilə seçilən Salatın erməni separatizminin baş qaldırdığı doğma ata-baba yurdu Qarabağa tez-tez xidməti ezamiyyətə yollanır, birbaşa hadisə yerindən yazılar hazırlayırdı. Növbəti ezamiyyəti zamanı – 1991-ci il yanvarın 9-da o, Laçından Şuşaya gələrkən Qaladərəsi kəndində erməni terrorçuların hücumuna məruz qaldı və amansızcasına qətlə yetirildi. 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Yeganə oğlu Ceyhun hazırda ölkəmizin tanınmış jurnalistlərindəndir.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində erməni quldurların vurduqları, içərisində Azərbaycan hökumətinin rəhbər şəxslərinin də olduğu helikopterdə üç televiziya əməkdaşı da həyatını itirdi.
Onlardan biri tanınmış jurnalist, şair-publisist Alı Mustafa oğlu Mustafayev 1952-ci ildə Qazax rayonunda anadan olmuşdu. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu idi. Yüksək peşəkarlığı ilə seçilir, respublikamızın ən yaxşı telejurnalistlərindən biri kimi tanınırdı. Onunla birlikdə teleoperator Fəxrəddin İbrahim oğlu Şahbazov və işıqçı Arif İsmayıl oğlu Hüseynzadə də erməni terrorunun qurbanı oldular. F.Şahbazov 1950-ci ildə, A.Hüseynzadə isə 1970-ci ildə Bakı şəhərində dünyaya gəlmişdilər.
Hər üç televiziya əməkdaşı Bakıda Şəhidlər Xiyabanında dəfn ediliblər, onlara 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Qarabağı müharibə alovları bürüdüyü dövrdə hadisələrin ən qaynar nöqtəsində cəsarətlə videoçəkilişlər aparan və bunları nəinki ölkə, həm də xarici teleməkanda yaymağı bacaran Çingiz Fuad oğlu Mustafayev isə Xocalı rayonunun Naxçıvanik kəndində, birbaşa döyüş meydanında öz peşə fəaliyyətini yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib. O, 1960-cı ildə anadan olmuşdu. Bir müddət C.Naxçıvanski adına hərbi liseydə təhsil almışdı. Lakin sonradan həkimlik peşəsini seçmiş, Azərbaycan Tibb Universitetini bitirmişdi. Öz ixtisası üzrə işləməklə yanaşı, musiqi sahəsində də yaradıcılıqla məşğul idi. 1991-ci ildə isə televiziya jurnalistikasında özünü sınamağa başladı və qısa müddətdə hərbi reportyor kimi məşhurlaşdı. Onun reportajları, Xocalı soyqırımı ilə bağlı çəkilişləri Azərbaycan telejurnalistikasının qızıl fondunu təşkil edir. 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Birinci Qarabağ müharibəsinin şəhidi – Kazımağa Möhsün oğlu Kərimov isə ali təhsilli jurnalist idi. Universiteti bitirdikdən sonra bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışmışdı. 1988-ci ildən torpaqlarımızı qorumaq üçün öz işindən ayrılmış, Goranboy rayon özünümüdafiə dəstəsinə qoşulmuş, sonralar milli ordumuzun ilk zabitlərindən olmuşdu. Goranboyun müdafiəsi zamanı aldığı ağır yaradan 1992-ci ilin 15 iyununda Bakıda vəfat edib. Həmin ildə də ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. K.Kərimov əslən Qubadlı rayonundan idi...
İkinci Qarabağ müharibəsinin şəhidləri AzTV-nin operatoru Sırac Abış oğlu Abışov və AZƏRTAC Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm Əli oğlu İbrahimov 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunda xidməti ezamiyyət zamanı minaya düşərək həyatlarını itiriblər. Sirac 1989-cu ildə Qubadlı rayonunda, Məhərrəm Göyçə mahalının Çəmbərək rayonunda anadan olmuşdular. Onlar erməni işğalçıların Azərbaycan ərazisində törətdikləri vəhşiliklər, dağıdılıb viran qoyulmuş yurd yerlərimiz haqqında foto-video materillar hazırlayan qrupun tərkibində fəaliyyət göstərir, yüksək peşəkarlıqla çalışırdılar. Hər ikisi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Allah şəhidlərimizə rəhmət eləsin.