12.03.2025, 08:42
AZ EN
19.03.2023, 16:00 237

Deputat: Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilməyəcək

XƏBƏRLƏR
  • Prezident növbəti bayram tonqalını işğaldan azad olunmuş digər ərazilərimizdə yandırdı. Bu, dövlət başçısının ailəsi ilə birlikdə qaladığı üçüncü Novruz tonqalı oldu. Bu, onun ailəsinin həm milli mənəvi dəyərlərimizə nə qədər bağlı olduğunu, həm də Azərbaycanın ərazi bütövlüyünə nə qədər böyük önəm verdiklərini göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfəri bir mesajdır: “Burada da Prezident bir çox vacib mesajlar verdi. Ötən gün həm məktəb, həm bağça, həm su təchizatı və digər məsələlərlə bağlı təqdim olunan layihələr göstərdi ki, Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə sürətli abadlıq və quruculuq işləri həyata keçirir. Azərbaycan ən qısa müddətdə bu bölgələri ən gözəl, ən abad ərazilərdən birinə çevirməyi planlaşdırır. Bunun üçün də bütün zəruri və önəmli addımlar atılır.

Prezident bu səfərində sülh müqaviləsinin imzalanması ilə bağlı, xüsusilə Ermənistandakı revanşist qüvvələrə bir sıra xəbərdarlıqlar da etdi. Bildirdi ki, əgər Ermənistan bu bölgədə rahat yaşamaq, özünün hazırkı ərazilərini qorumaq istəyirsə, mütləq Azərbaycanın şərtlərini qəbul etməlidir. Ermənistan düşünməməlidir ki, hansısa bir yolla Azərbaycana təzyiq edərək Azərbaycanın yaratdığı reallıqları dəyişə bilər. Bu gün Prezidentin də qeyd etdiyi kimi, Ermənistan yeni ağa axtarışındadır, yenidən kimlərinsə ayağına yıxılmaq istəyir. Amma bu gün reallıq ondan ibarətdir ki, hansı hal və şərait olmasından asılı olmayaraq, Azərbaycan yenidən ən kiçik təxribatların belə qarşısını ən kəskin şəkildə alacaq. Burada, eyni zamanda Ermənistanın müharibədə itkiləri, Ermənistanın hazırda yaşadığı durumla da Prezidentin çox vacib mesajları oldu.

Bu səfər həm Ermənistana, eyni zamanda onun havadarlarına, onu bu təxribatlara çəkən dövlətlərə də mesajdır. Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilməyəcək. Özünün qətiyyətli mövqeyini hər zaman qoruyacaq”. (AZƏRTAC)

Oxşar xəbərlər