Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Başlıbelin inkişafına dəstək” ictimai birliyinin sədri Vüqar Həşimov və İctimai Birliyin üzvləri, Regional insan hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov, jurnalist Elxan Salahov, şair Ələkbər Sönməz, Başlıbel ziyalısı Arif Süleymanov, “Başlıbelin inkişafına dəstək” İctimai Birliyinin sədr müavini Nurəddin Həşimov, Qarabağ müharibəsi veteranı Natiq Salahov, jurnalist Zülfüqar Ələsgərov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Millət vəkili Aqil Məmmədov çıxış ediblər.
Başlıbeldə ermənilərin törədikləri vəhşilikdən söhbət açan natiqlər bildiriblər ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini kənd ərazisindəki kahalara sığınıblar. Amma Ermənistan Silahlı Qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı ermənilər tərəfindən 27 nəfər güllələnib.
Başlıbel qətliamından geniş məlumatlar verən natiqlər eyni zamanda bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad edildikdən sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunaraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq aparılıb. Faciə qurbanları 2021-ci il sentyabrın 3-də kənd sakinlərinin dəfn edildikləri ərazidə torpağa tapşırılıblar.
Anım tədbirində “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin və Başlıbel sakinlərinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib.
Yekunda Kəlbəcər rayon icra Hakimiyyətinin başçısı Azər Qocayev Başlıbel qətliamının tanıdılması istiqamətində indiyə qədər həyata keçirilən fəaliyyət, bundan sonrakı dövrdə görüləcək işlər barədə danışıb. RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Orumuz 44 günlük Şanlı Zəfər Tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Erməni vandalizmindən dağlara, kahalara sığınaraq oradaca şəhid olan Başlıbel sakinlərinin nəşləri Vətən Müharibəsindən sonra müəyyən edilərək doğma torpaqda dəfn edilmişdir.
Bu gün Başlıbellilər öz doğma kəndlərini ziyarət edərək, orada şəhid olan əzizlərini də ziyarət edirlər. Bundan sonra bizim vəzifəmiz bu qətliamları dünya ictimaiyyətinə çatdırmaq, cinayətkarların cəzalandırılmasına nail olmaqdır.
Başlıbel ziyalıları, sakinləri və hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya, həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Mina RƏŞİD