Rahidin anası üzünü şəhid analarına tutub deyir ki, başınızı dik tutun, bizim balalarımız ölməyib, onlar həmişə qəlbimizdə yaşayacaq...
Atası onunla bağlı qürurla danışır, deyir ki, Rahid hərbi xidmətə getməyə can atırdı. O vaxt pandemiya şəraitinə görə karantin idi, ona görə onu hərbi xidmətə bir ay gec aparmışdılar. O hər an əsgər olmağı arzulayırdı. Oğlum mərdliklə şəhid olub. Komandiri deyir ki, oğlunuz qəhrəmandı, Rahid 18 düşmən əsgərini məhv edib. Şükür ki, mənim oğlumla bərabər bütün şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad edildi...
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Rahid Namiq oğlu Cəfərovun doğum günüdür. O, 11 fevral 2002-ci ildə Cəlilabad rayonunun Dələli kəndində anadan olub. Doğma kənddə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətə Tərtərdə başlamışdı.
Azərbaycan Ordusunun əsgəri olan Rahid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Rahid Cəfərov 5 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rahid Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Rahid balamız!
Mina RƏŞİD