Dünən İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən Qax Damazlıq İpəkçilik Stansiyasından 2024-cü il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması həyata keçirilib. Ümumilikdə 70 kümçüyə 125 qutu ipəkqurdu sənaye toxumu paylanması təmin edilib.
Builki mövsümdə rayon üzrə 4750 kq yaş barama istehsal edilməsi proqnozlaşdırılır. Ötən ildə olduğu kimi, builki mövsümdə də istehsal olunan yaş barama səhmdar cəmiyyət tərəfindən kümçülərdən 5 manata təhvil alınacaq, dövlət isə hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Qeyd edək ki, baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahədə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və regionlarda məşğulluğun təmin edilməsinə xidmət edir.
Hazırladı: Mina RƏŞİD