Sən bütün varlığınla döyüşdün
yaralı olsan da geri dönmədin,
Şəhid olacağına inandın,
amma qazi oldun...
Torpaqlarımızın işğaldan azad olunmasında Vətən müharibəsi qazilərinin xüsusi yeri var. Onlar Vətən uğrunda hər an ölümlə üz-üzə vuruşdular, bəzən yaralansalar da geri dönmədilər. Bu gün haqqında söhbət açacağımız odun-alovun içindən çıxan qəhrəman qazilərimizdən olan baş leytenant İlkin Füzuli oğlu Rzaquliyev kimi. Onun müharibəyə gedən yolu, necə deyərlər, ta uşaqlıdan cızılmışdı. Deyirlər ot kökü üstə bitər. Atası Füzuli Rzaquliyev Birinci Qarabağ Müharibəsində “Koroğlu” kimi döyüşlərdə ad qazanmışdı. Atasının o vaxtdan ürəyində qalan arzularının ardınca bu dəfə döyüşə düşməndən qisas almağa və Zəfər qazanmağa oğlu yollandı...
İkinci Vətən Müharibəsi qazisi İlkin Rzaquliyev 1985-ci ildə oktyabrın 8-də Bakıda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin ailəsində dünyaya göz açıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində ehtiyatda olan zabit, iki övlad atası İlkin Rzaquliyev könüllü olaraq döyüşlərə qatıldı. O, müharibəyə gedəcəyini ailədə heç kəsə bildirməmişdi. Ancaq sonda artıq onları aparacaq avtobusa yaxınlaşanda atasına zəng edib ki, sənədlərini və telefonunu ona təhvil versin. Atası onunla görüşməyə güclə imkan tapmışdı. İlkingil bir həftə təlim keçdikdən sonra Füzulidən, Alxanlı kəndi istiqamətindən döyüşlərə başlayıblar.
Düşmən ancaq qaçırdı...
İlkin Rzaquliyev danışır ki, ilk döyüş yuxu kimi oldu, ikinci döyüşdə az-maz nəsə hiss edirsən, amma üçüncü döyüşdə artıq professionalsan: “Biz ilk aldığımız iki posta ayaq üstə getdik. Düşmən ancaq qaçırdı. Erməni öz əsgərini ayağından dayandığı yerə zəncirləmişdi ki, qaça bilməsin…
Həmin vaxt düşmən məlumat yayırdı ki, azərbaycanlılar muzdlu əsgərlər gətiriblər və onlar “Allahu Əkbər!”, - deyə, hücuma keçirlər. Halbuki bu bizim hərbi hissənin birinci taboruydu. Mən döyüşə tağım komandiri kimi qatıldım, belə desək, Eldəniz Naibovun dublyoruydum. O, sentyabrın 29-da yaralandı.
Bölüyün bütün zabit heyəti yaralanıb, sən tək qalmısan...
“Bunker” deyilən yer var idi. Döyüşdə ən çətin yerlərdən biriydi... Döyüş bitdi, hamı toplandı. Gözləmədiyim bir xəbər eşitdim. Dedilər ki, bölüyün bütün zabit heyəti yaralanıb, sən tək qalmısan və sənin şəxsi heyətin 63 nəfər səfərbərlikdən gəlmiş döyüşçülərdi.
Gizir Araz Sadıqovun texnikadan yaxşı başı çıxırdı. Dedilər heyəti ya o, ya da sən götürməlisən. Mən 9 ildən artıq idi ki, ordudan tərxis edilmişdim, amma bununla belə çətin vaxtda yaxamı kənara çəkmək istəmədim. Sağ olsun, əsgər Firudin Seyidovu, dedi ki, mən həmişə sənin yanında olacam. Beləliklə, düz bir ay bölük komandiri oldum.
Bunkerə girmək çox çətin idi. Bir gün tapşırıq gəldi ki, Bunkerə girməliyik. Bizi Cəbrayıl istiamətinə gətirdilər. Təxminən 30-34 km yolu piyada getməli olduq, düşmən torpağımızı elə günə qoymuşdu ki, bulaqlar, çaylar da qurumuşdu, təminat maşını gələ bilmirdi, yolları vururdular. Susuzluq son həddə çatırdı. Tabor komandirinin tapşırığı beləydi ki, yaralı, şəhid düşmən əhatəsində qalmasın.
12 ya 16 saat yol getdik. Taborda 20 şəhid verdik. Balakəndən Vahid Əlisoltanov adlı gizirimiz vardı, arıq, çəlimsiz olsa da çox qoçaq döyüşçü idi. Həkim İbrahim Hüseynli də onda şəhid oldu… Artıq ermənilər bunkeri tərk edirdilər. Oradan 15-dən çox kamaz getmişdi.
Bədənimdə qəlpələrin olduğunu həkimlərə bildirmədim
Oktyabrın 12-si olardı. Əsgərlər dedilər ki, gedək su gətirək. Dedim qoy bir az qaranlıq düşsün, çünki düşmən kölgəyə belə atırdı. Onlar heç 3 metr getməmiş güllələr qarşıya düşdü. Heç kəsə heç nə olmadı, qəlpələr mənim çiynimi, qolumu, bir də əlimi yaraladı. Əvvəlcə çox da fikir vermədim. Sonra gördüm ki, avtomatın darağını dəyişə bilmirəm. 2-3 gün yağış altında qaldıq. Sonra paltarları dəyişmək üçün aşağı düşdük. Oktyabrın 14-də məni Əhmədbəyli qospitalına apardılar. Dedim ki, təzyiqim var, bədənimdə qəlpələrin olduğunu həkimlərə bildirmədim.
Mən heyətə qayıdanda əsgərlər həm sevindilər, həm də təəccüb etdilər. Biz Füzulidə yenidən döyüşə davam etdik.
Həmişə düşünürdüm ki, Xocalı, Qaradağlı, Ağdaban, Daşaltı və başqa ərazilərimizdə düşmən bizi təhqir edib. Biz bunun əvəzini onlardan çıxmalıyıq. Yəni, birinci qisasımızı almalıyıq, sonra da torpağımızı...
Biz bir dəfə düşmənlə elə yaxın məsafəyə gəlmişdik ki, erməninin səngərdə öz itinə yemək verdiyini gördüm. Bir də gördük üstmüzə tank gəlir. Tankdan atılan mərmi bizdən 20-30 metr aralı düşdü. Dedim ki, buradan çıxmaq lazımdı. Döyüşçülər bilirlər ki, hər 20 dəqiqədən bir ermənilər fişəng atırlar. Biz şumluğu keçəndə elə bil, göyün üzü bağlandı, fişənf atılmadı.
Müharibədə qazandığım dostlar
…İki gündü yağış yağır, nə yemək var, nə su, nə də siqaret. Ancaq taxta peçenye qalmışdı, onu da yarı bölürdük... 44 gündə döyüş yoldaşlarınla elə doğmalaşırsan ki, təsəvvür edin ki, yoldaşın bir almanı birinci sənə verir, sonra özü dişləyir. 35 yaşına kimi olan dostlarım bir yanadı, bundan sonrakı müharibədə birgə olduğum dostlar bir yana. Canavar kimi oğullardı, səninlə səngərdə çiyin-çiyinə olan dostlardı. Deyirəm, Allahın bir vergisiydi ki, mənə belə dostlar qismət elədi…
Əsgərlərə dedim ki, düşmən paltarlarını geyinsinlər...
Ayın neçəsi və həftənin necənci günü olduğunu bilmirdim. Füzulinin Dövlətyarlı kəndindəydik. Hücum planlaşdırılır alınmırdı. Hərbi hissə komandiri Rəşad Salmanov burada daş karxanasına ilk ayağını qoyan yüksək rütbəlilərin birincisiydi. Mayor Elçin Allahverdiyev və bir qrup buradaydı. Daş karxanasına çatmağa 200-300 metr qalmış təpəciklər var. İki gündən çox idi ki, nə biz geri dönə bilirdik, nə də o biri bölük bizə çata bilirdi. Yola güllə yağırdı. Axırda əsgərlərə dedim ki, yerdə nə qədər eməni paltarları varsa geyinsinlər. Bundan sonra ermənilər əl çəkdilər, bir də daş karxanasına atmadılar. Biz öz aramızda oranın adını “Seyidxan karyeli” qoymuşduq...
Bu daş karxanasında düşməndən 3 təzə traktor qalmışdı. 3 kamaz yarım silahı və 25-ə yaxın telefonu buradan özüm təhvil vermişəm...”
Qəhrəman qazimiz İlkin Rzaquliyev Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad edilməsi”, “Xocavəndin azad edilməsi”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Müharibə iştirakçısı” kimi beş medalla təltif edilib.
Allah ona və bütün qazilərimizə cansağlığı versin, Şəhidlərimizin ruhu şad olsun!
Mina RƏŞİD