Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, idarə rayonun 36 min 10 hektar əkin sahəsinin suvarılmasını, eləcə də əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. İdarənin balansında 986 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı var. Subartezian quyularının 650-si əkin sahələrinin suvarılmasına, 41 ədədi əhalinin içməli suya, 295 ədədi isə həm içməli suya, həm də əkinlərin suvarılmasına xidmət edir.
Son 5 ildə rayon ərazisində 167 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib. Yeni qazılan 10 subartezian quyusunda tamamlama işləri aparılır. Daha 29 quyunun qazılması üçün yerlər təyin olunub.
Rayonda subartezian quyularının, nasosların və hidroqurğuların təmiri daim diqqət mərkəzində saxlanılır, kanallarda ilboyu lildəntəmizləmə işləri həyata keçirilir. Ötən il idarə tərəfindən 930 nasos təmir edilib, quyulara 3750 paqometr kabel quraşdırılıb, 224 subartezian quyusunda müxtəlif elektrik avadanlıqları yenisi ilə əvəz edilib, 31 hidrotexniki qurğuda təmir işləri aparılıb. Rayonun Eyvazlı, Üçoğlan, Xındırıstan, Çəmənli və Ergi ərazilərində 10 ədəd subartezian quyusunun kalonları yenidən qazılıb və quyuların məhsuldarlığı artırılıb. İdarənin balansında olan nasos stansiyalarda da təmir işləri aparılıb. Stansiyaların elektrik avadanlıqları yenisi ilə əvəz olunub. 245 kilometr suvarma kanalları lildən təmizlənib. Əfətli kənd ərazisində Qar-Qar çayından və Qərvənd kəndi ərazisində Xaçın çayından sahələrə su çıxarmaq üçün bəndlər vurulub, nəticədə əkin sahələrinin sel suları ilə suvarılması təmin edilib.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2022-ci ildə rayon ərazisində səpilmiş 2486 hektar pambıq bitkisi aratla birlikdə 5 dəfə, 8012 hektar taxıl 3 dəfə, 48 hektar şəkər çuğunduru 4 dəfə, 4856 hektar bostan-tərəvəz 12 dəfə, 16 min 476 hektar yem bitkiləri 4 dəfə, 250 hektar qarğıdalı 4 dəfə, 96 hektar çoxillik bitkilər 4 dəfə və 3786 hektar həyətyanı sahələr 5 dəfə suvarılıb. (AZƏRTAC)