22.01.2025, 19:43
AZ EN
11.02.2022, 14:25 199

Doğma yurda dönüşə ictimai dəstək

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi cari ilin qrant müsabiqəsi çərçivəsində məcburi köçkünlərin problemlərinin öyrənilməsinə, onların aradan qaldırılması yollarının araşdırılmasına, eyni zamanda, yurd yerlərinə qayıtmaları ilə bağlı istək və arzularının öyrənilməsinə həsr edilmiş bir neçə layihəyə dəstək vermək haqqında qərar qəbul etmişdir. Həmin layihələrdən birinin - Azadlıq Hərakatçıları İctimai Birliyinin “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” layihəsinin icrasına başlamışdır. İctimai birliyin və layihənin rəhbəri Təhmasib Novruzov “Vətən səsi”nə müsahibəsində deyib:

 - Otuz ilə yaxın bir müddətdə mənfur erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımız, nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti sayəsində 2020-ci ilin payızında, 44 günlük müharibə nəticəsində işğaldan azad edildi. Ölkəmizin rəhbərinin dəfələrlə dediyi kimi, indi başlıca vəzifə bu torpaqları yenidən abadlaşdırmaqdan və keçmiş məcburi köçkünlərin doğma yurdlara qayıdışını təmin etməkdən ibarətdir. Dövlətin bu sahədə çox ciddi planları vardır və onların artıq icra edilməsinə başlanıb. Şuşada aparılan böyük quruculuq, bərpa  və abadlaşdırma işləri, Ağdamda salınması nəzərdə tutulan  müasir tipli möhtəşəm şəhərin baş planının təsdiqi və ilkin işlərə start verilməsi, Zəngilanın Ağalı kəndində yeni smart tipli kəndin tikintisinin başa çatması, Füzulidə dünyanın ən qısa müddətə tikilən hava limanlarından birinin artıq uçuşları qəbul etməsi, avtomobil, dəmiryol, elektrik, qaz, su, rabitə infrastrukturlarının tamamilə yenidən qurulması işlərinin sürətlə aparılması və digər həyata keçirilən möhtəşəm layihələr tezliklə bu yerlərə qayıdışın başlayacağına əminlik yaradır. Ona görə biz də, bir vətəndaş cəmiyyəti qurumu olaraq, Böyük Qayıdışa töhfəmizi verməyi özümüzə borç bilirik. Bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən ilin sonunda elan etdiyi qrant müsabiqəsinə “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” layihəsi ilə müraciət etdik. Çox şadıq ki, layihəmiz müsabiqənin qalibi oldu və biz artıq onun icrasına başlamışıq.

Layihə fevralın 1-dən mayın 1-dək müddətdə, Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşadığı “Qobu Park” yaşayış massivində  icra olunacaq. Səkkiz verilişdən ibarət olacaq, SƏS TV onlayn televiziyasında mart-aprel aylarında nümayiş etdiriləcək layihənin həyata keçirilməsi on illər boyu yurdundan ayrı düşmüş insanların doğma yurda dönüşünün təbliğ və təşviq edilməsi ideyasından irəli gəlir. Layihə çərçivəsində hazırlanacaq və nümayiş etdiriləcək verilişlərdə yurda qayıdışla bağlı təkcə keçmiş məcburi köçkünlərin düşüncələri öyrənilməyəcək, eyni zamanda tərəddüd edənlərin tərəddüdlərinin səbəbləri, onları narahat edən başlıca problemlər araşdırılacaq, müzakirə ediləcək və problemlərin həlli ilə bağlı təklif və təşəbbüslər irəli sürüləcək. Keçmiş məcburi köçkünlərin bilavasitə məskunlaşdıq-ları yerlərdə görüşlərin keçirilməsi, onların öz fikir və düşüncələrini sərbəst ifadə etmələri nəzərdə tutulub ki, bu da problemin birbaşa mənbədən öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Azad edilmiş torpaqlara məcburi köçkünlərin qaytarılması bu yerləri yenidən dirçəltmək, VƏTƏNLƏŞDİRMƏK baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün doğma yurda dönüşlə bağlı tərəddüd edən insanların bu tərəddüdlərinin araşdırılması, ümumiləşdirilməsi, onların aradan qaldırılması ilə bağlı müvafiq təkliflərin verilməsi, gələcəkdə qarşılaşacağımız bir sıra problemlərin bəribaşdan həllinə yardımçı ola bilər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də dəstək göstərdiyi layihənin həyata keçirilməsində başlıca məqsəd məcburi köçkünlərin azad olunmuş torpaqlara qayıdışı ilə bağlı dövlət tədbirlərinin yerinə yetirilməsi işinə dəstək verməkdən ibarətdir. Bu məqsədlə hazırlanacaq və nümayiş etdiriləcək verilişlərdə keçmiş məcburi köçkünlərin yurda dönüşlə bağlı təşviq edilməsi, xüsusilə, gəncləri narahat edən problemlərin öyrənilməsi, onların ümumiləşdirilməsi və təkliflərin müvafiq qurumlara çatdırılması qarşıya qoyulan əsas vəzifələrdir.

Oxşar xəbərlər