19.10.2024, 16:42
AZ EN
25.01.2023, 17:21 323

Mən yenə də vuruşmağa hazıram!

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsi Azərbaycan üçün bir sınaq, böyük bir imtahan oldu. Bu ölüm-dirim savaşından xalqımız nə yaxşı ki, üzüağ, alnıaçıq çıxdı. 30 ilə yaxın həsrətində olduğumuz doğma Vətən torpaqları işğaldan azad edildi. Vətənin mərd oğulları bu haqq yolunda Şəhid, Qazi oldular. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin.

Bu gün Vətən uğrunda könüllü müharibəyə  yollanan və Füzulidən Şuşaya qədər  döyüş yolu keçən “Vətən Müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən qazimiz Tural Əncüman oğlu Usubovun həyat yolundan danışacağıq. T.Uusubov 1992-ci ildə Ağcəbədi rayonunun Rəncbərlər kəndində anadan olub. Orta məktəbi doğma kənddə bitirib. Hərbi xidmətini Bakıda başa vurub.  

Tural deyir ki, müharibə başlayan gün könüllü orduya yazılıb. Sentyabrın 29-da Ağcabədiyə hərbi Komissarlığa yollanıb.  Ağcəbədidən olan 40 nəfər könüllüdən biri olan Tural deyir ki, əvvəlcə bizi Taxta körpüyə aparıb bir gün sonra geyim verdilər. Sonra Beyləqana getdik və  burada bizə silah-sursat verdilər. Beyləqandan da Füzuliyə göndərdilər. Füzulidə 216 könüllü vardı. General Mais Bərxudarov bizimlə görüşdü və dedi ki, Sizə “Qarabağ qartalları” adını verirəm. Beləliklə,  biz ilk dəfə döyüşə yollandıq. Qaraxanbəyli kəndində olanda dedilər ki, neytral zonada  5 şəhidimiz var. Kim könüllü gəlmək istəyirsə buyursun. Mən də  getdim, kəndçim Təbriz, Talıb da irəli çıxdı. Biz 15-16 nəfər ağcabədidən olanlar bir bölməyə düşmüşdük. Dərə yolla getdik. Bizimkilər atmağa başlayanda cəld gedib Şəhidlərimizi götürməli idik. Biz şəhidlərimizi oradan çıxardıq. Erməni leşi də gətirdik. Sonra bizi iki hissəyə böldülər, Axşam hücuma keçməli idik. 100 nəfərimiz Cəbrayıla aparıldı, 116 nəfər isə Füzuli istiqamətində qaldıq. Dedik ki, bizə təlim lazım deyil, harada döyüş gedir ora gedək. Bizə bir mayor başçılıq edirdi. Bizi çay yolu ilə Alxanbəyli kəndindən yuxarılara getdik. Bir gecə gözlədik. Elə yer idi ki, snayperlə vururdular. Gecə 2-3 radələri olardı. Qaraxanbəyli kəndində uçuq evlər, tikililərin içinə 5- 5 yerləşdik. Ermənilər betondan post qurmuşdular. Biz hücuma sep şəklində, yəni ara məsafəsi ilə keçdik. O post çətinliklə alındı, xeyli şəhid verdik. Bizdən əvvəl də burada şəhid verilmişdi. Həmin postda texniki baza vardı. Tanklar bizi vuranda komanda verildi ki,  xəndəyə keçək. Xəndək 4-5 metr dərinlikdə,  200-300 metr uzunluqda olardı. Dedilər, gecə hücum edəcəyik. Ancaq gözləməli olduq. Bizi böldülər. 7 nəfər qaldıq. Biz onları mühasirəyə almaq istəyirdik. Əmr verildi ki, özünüzə yer qazın. Yeri qazdıqca ilan çıxırdı. Bir yandan da yağış başladı. Bizim də ehtiyatımız, puşlatımız yox idi. Geridə qoyub gəlmişdik. Dedilər ki, ərzağa, suya qənaət edin. Biz elə bil, mühasirədə idik. Bir gün yağışın altında qaldıq səhər paltarımız əynimizdə qurudu. 2-ci gün də yağış yağdı. Hamı suyun-palçığın içindəydi, avtomatlar da. Hamı titrəyir, donurduq. Yerdən qalxa bilmirdik. Birdən başa düşdük ki, bir-birimizə kömək etməsək dona bilərik, məhv olarıq. Hərəkət elədik, bir-birimizi ayıltdıq. Düz 3 gün  yağış yağdı. Bir nəfər də yaralı idi. Sonra bizimkilər düşmənə üstün gəlib yolu açdılar. 47 nəfər palçığın içində oradan çıxdıq. Silahlarımız da atmırdı. Mayor gəldi. Bizi oradan geri çəkdilər. 500 nəfər gətirdilər. Biz 2 gün dincəldik.

Sonra bizi Taxta körpüyə gətirdilər. 4-5 gün burada qaldıq. Biz televizora baxırdıq, Ali Baş Komandan İlham Əliyev yeni kəndlərimizin azad olunması xəbərini verdikcə biz daha da ruhlanır, döyüşə can atırdıq. Sonra “Həmlə”dən gəldilər. Qumbaraatan, snayperçi, kəşfiyyatçı lazım idi. Mən yalandan dedim ki, qumbaraatanam. İstəyirdim məni də aparsınlar. Hər kəsi aparmırdılar. Mən də onlarla getdim. Kapitan Sarıyev dedi ki, manqa komandiri yeri boşdu. Məni o yerə təyin etdi. Günorta saat 12 olardı. Cəbrayılda idik. Dağ kimi yer idi. 2 saat sonra bizi apardılar. Hadrutda 2 gün təlim keçdik. Həmlədən başqa da tabor da vardı. 7-8 saat yol getdik. Sən demə bura Xocavənd meşəsi imiş.

Sonra biz Şuşa meşəsində müdafiə qurduq. Şuşa tam alınmamışdı.  Biz 2-3 gün orada qaldıq. Gecə bizə kömək çatdı. Axşam saat 8-də hücuma keçəcəkdik. Ermənilər yerimizi bildilər və atmağa başladılar. Qəlpə məndən bir metr aralıda olan yoldaşımın ayağını apardı. Onu parçanın arasında gətirdik. Bizim 12 nəfərimiz orada yaralandı. Gecə 12 olardı, özümüzü itirmədik, çalışdıq ki, yaralıları çıxaraq. Məni güclü partlayışın dalğası tutmuşdu deyə, başımda ağrılar vardı. Bizim  hədəfimiz Şuşaya çatmaq idi. Meşə yolu gedirdik. Ora Şuşakənd deyirdilər. Bizə koordinat verirdilər, gedirdik. Hər iki tərəfimiz yüksək  təpələr idi. Səhərə yaxın düşmən atan kimi biz kolluğa dolduq. Bölük komandirimiz Quliyev Cəsarət Beyləqandan idi, sağ olsun, elə yer idi, orada qalsaq bizi mühasirəyə salardılar. Amma kolu yara-yara getdik. Biz ordan bir-bir keçdik. Meşəlik də elədi ki, arxa tərəfi dağdı, biz ordan bir yerdə çıxmalıydıq. Bölük komandiri qabaqda getdi. O keçəndə sağdan atdılar. Onda bildik ki, buradan keçmək olmaz. Dağı arxa tərəfdən kol-kosla keçmək istədik. Amma ordan da atırdılar. Kəlbəcərdən Elnur vardı, Şəmistan, bir də mən, bir nəfər də vardı. Biz də atırdıq. Elnur keçdi, sonra biz meşəni keçdik. Dağ meşəlik idi. Dağı keçdik, arxa tərəfə 5-6 km də getdik və gölə rast gəldik. Bir qurtum suyumuz yox idi. Palçıqlı suyu butulkaya töküb ağzına parça qoyub içdik. Bizə koordinat verdilər ki, oradan keçin.

Mən özümü çox pis hiss elədim. Məni qospitala yazdılar. Gəldim Beyləqana, amma qospitala getmədim. Hərbi hissədə bir gün qalıb qayıtdım, dedim heç nəyim yoxdu. Orada Çanaqçı kəndi vardı. Bir gün qaldıq. Səhəri dedilər ki, artıq Şuşa alınıb. Mən gəldiyim üçün həmin döyüşdə iştirak edə bilmədim. Amma meşələrdə, kəndlərdə vuruşdum. Sonra gəldik Şuşaya evlərdə yerləşdik. 15 nəfər könüllü əməliyyata gedənlərdən biri də mən oldum.  Amma hara getdiyimizi bilmirdik. Biz meşədə töküldük. Dedilər, bura Laçındı. Atəşkəs idi, tapşırıq verildi ki, əgər atsalar, Siz də atın. Amma atəşkəsi birinci siz pozmayın. Biz hardasa 20 km qarlı meşəliklə getdik. Dağa qalxırdıq. Çətin idi. Çünki ağac yox idi, tutub getməyə. Bir dağ keçdik öz  torpaqlarımızdı. Yəni bizə artıq nə desəydilər edərdik, çünki qələbə qazanmışdıq. Yerevana da, desələr gedərdik. Biz Laçın dağlarında ermənilərlə qarşılaşdıq. Dedilər ki, bizə bir gün vaxt verin, sülhməramlılar gəlsin. Biz bayrağımızı Laçın dağına sancdıq və sülhməramlılar gəlib erməniləri yola saldı.  5 gün orada qaldıq. Sonra bizi əvəz elədilər. Gəldik Şuşaya. Oradan bizi Beyləqana gətirdilər və tərxis elədilər.

Qazimiz sonda deyir ki, nə yaxşı torpaqlarımız alındı və nə yaxşı mən də döyüşçülərin arasında oldum. Müzəffər Ali Baş Komandanımız sağ olsun. Mən yenə də Vətən üçün vuruşmağa, onun uğrunda can verməyə hazıram!             

Mina RƏŞİD

Oxşar xəbərlər