Bəli, dövlət başçımızın da vurğuladığı kimi, Laçına Böyük Qayıdış başlayır. Bu qayıdışın həyacanını isə bütün laçınlılar yaşayır və müqəddəs torpağa qədəm qoyacaqları günü səbirsizliklə gözləyirlər. Dağların qoynunda, füsunkar təbiəti ilə göz oxşayan qürurlu Laçın öz sakinlərinin qarşılamağa hazırlaşır.
Hüseynovlar ailəsi də Prezident İlham Əliyevin verdiyi müjdənin sevincini yaşayır. Keçmiş məcburi köçkün Qəzənfər Hüseynov bildirir ki, cənab Prezident son çıxışlarının hamısında Laçınla bağlı fikirlərini bildirir ki, Laçın, Zabux və Bəylik kəndi var, o 3 kəndə insanlar qayıdacaqlar. Bütün laçınlılar Prezidentimizin bu müjdəsini böyük ruh yüksəkliyi ilə qarşılayır, elə bizim ailəmiz də, mən özüm də, oğlum ailəsi ilə bərabərŞ sevinirik ki, uzun illərin həsrətindən sonra doğma Laçına qayıdacağıq, yaşamaq, qurub-yaratma üçün.
Qəzənfər Hüseynova 30 ildən sonra doğma yurdla görüşmək qismət olub. Vaxtilə rayonda müxtəlif rəhbər vəzifələrdə çalışan Q.Hüseynov deyir ki, 45 yaşında çıxdığı diyarını 30 ildən sonra ziyarət etmək onu çox sevindirib və bir o qədər də məyus edib. Yeni tikdirdiyi, cəmi 11 ay yaşadığı böyük və rahat evindən demək olar ki, əsərəlamət qalmayıb uçuq-sökük divarlardan başqa.
O, deyir ki, Laçının Güləbird kəndinə gedəndə gördüklərimdən çox sarsıldım, bəzən də özümü qınadım, öz-özümə çox suallar verdim, dedim, biz niyə belə olduq? Həm də getdim, gördüm ki, ermənilər məni boya-baş çatdıran nənəmin, babamın qəbirlərini dağıdıblar, mərkli düşmən quru daşa qarşı da amansız olub, bundan çox təsirləndim. Dağıdılmış qəbirsanlığı gəzdim, baxdım, atamın qəbrini tapa bilmədim.
Bütün laçınlılar kimi Qəzərfər müəllimin övladları da ailələri ilə birgə Laçına Böyük Qayıdışı səbirsizliklə gözləyir. Onların ən böyük arzuları doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır. Zülfiyyə və Qönçə Hüseynovalar laçına qovuşmağı səbirsizliklə gözləyirlər.
Otuz il düşmən tapdağı altında qalan Laçın doğma sakinlərinin isti nəfəsi üçün çox darıxıb. Yenidən qurulan, abadlaşan, azad Laçın bu il laçınlılara qucaq açacaq. Onları yeni tikilən evlərdə xoşbəxt, firəvan həyat gözləyir.
Hazırladı: Tahirə AĞAMİRZƏ