19.04.2024, 14:30
AZ EN
10.01.2023, 18:54 282

İmmi nənənin bir arzusu var: "Ömür vəfa etsə, doğma yurdumu yenidən görmək istərdim"

XƏBƏRLƏR
  • İrəvan xanlığının Sərdarabad mahalı. Tarixi Azərbaycan torpaqları sayılan həmin ərazilərdən vaxtilə məcburi köçürülən azərbaycanlı ailələr bu gün doğma ata-baba yurdlarının həsrəti ilə yaşayırlar. Onların sönməyən ümidləri yenidən canlanıb. Prezident İlham Əliyevin əzəli torpaqlarımız olan Qərbi Azərbaycan haqqında çıxışı Sərdarabad mahalından olan 85 yaşlı İmmi Rəsulovanı da sevindirib. Çünki İmmi nənə də öz doğma yurduna qayıtmaq, gözəl və səfalı yerləri yenidən görmək arzusundadır.

1950-ci ildə Qərbi Azərbaycandan sürgün olunan, hazırda Sabirabad rayonunda yaşayan İmmi nənə şirinli-acılı xatirələrindən danışıb.

Rəsulova İmmi Qurbanəli qızı 1938-ci il yanvarın 1-də tarixi Azərbaycan torpaqları olan Sərdarabad mahalının Şaxvarud kəndində dünyaya göz açıb. 1950-ci ilə qədər doğma kəndlərində yaşayıb. Ta ki ermənilərin həmin ərazilərə köçürülməsinə qədər. İmmi nənə orada yaşadığı xoşbəxt anlardan tutmuş didərgin salındığı o dəhşətli günlərədək xatirələrini bir an belə unutmur. Deyir ki, Şaxvarud kəndinin əhalisinin əksəriyyəti azərbaycanlı idi, cəmi iki erməni ailəsi vardı. Sonralar erməniləri gətirərək kəndə yaxın sovxoza yerləşdirdilər. Həmin ermənilər kəndə gəlib bəzək əşyaları, muncuq, düymə, iynə satırdılar.

“Uşaqlıq xatirələrim qalıb o kəndimizdə. Çox gözəl dağlıq ərazidə yerləşir. Yaşıllıq çəmənliklə örtülü bir yerdir. Ətrafı gəzirdik, çiçək və otlardan toplayardıq, gözəl günlərimiz keçib orada. Atam İkinci dünya müharibəsinə gedib qayıtmadı, həlak oldu. Anam və üç qardaşım qaldıq. Atamın ölümündən sonra bir neçə il yaşadıq həmin kənddə. 1950-ci ildə doğma yurdumuzda olan günlərə son qoyuldu, bizi ağır işgəncələrlə didərgin saldılar. Azərbaycanlıları evlərindən çıxarıb erməniləri yerləşdirdilər”, - deyir İmmi nənə.

Ailəsi və qohumları ilə birlikdə kənddən sürgün olunan İmmi nənə o günləri belə xatırlayır: “Heyvan daşınan vaqonlara yığdılar, gətirib Sabirabad rayonu ərazisində düşürdülər. Burada da şəraitsiz vəziyyət səbəbindən çox adam xəstələndi, hətta dünyasını dəyişənlər oldu. Çox çətinliklər çəkdik...”.

İmmi nənəgilin gün-güzəranları sonralar düzəlsə də, doğma kəndini unuda bilmir. Oradakı gözəl xatirələrini tez-tez yada salan İmmi nənənin indi bir arzusu var: “Çox istərdim ki, göz oxşayan gözəllikləri yenidən görüm. Çox gözəl yerlərdir, heç yadımdan çıxmır. Prezidentimizin çıxışı hər bir Qərbi azərbaycanlı kimi bizi də ümidləndirdi. Ömür vəfa etsə, doğma yurdumu, o gözəlliyi yenidən görmək istərdim”. (AZƏRTAC)

Oxşar xəbərlər