Qazaxıstan Respublikasının Uralsk şəhərində Qərbi Qazaxıstan İnnovasiya-Texnologiyaları Universitetinin təşkilatçılığı ilə baş tutan “Tarixi yaddaş və milli kimlik: Elm və cəmiyyətin dialoqu” adlı beynəlxalq konfransda dosent Elçin İbrahimov “Türk dövlətlərində və cəmiyyətlərində ortaq dil – ortaq türkcə problemi” mövzusunda plenar məruzə ilə çıxış edib.
Alim çıxışı zamanı türk dünyasında ortaq ünsiyyət dilinin formalaşdırılmasının tarixi əsaslarından, bu istiqamətdəki çağırışlardan və strateji əhəmiyyətindən bəhs edib. O, elm, təhsil, media və texnologiya sahələrində inteqrasiyanın möhkəmləndirilməsi üçün ortaq dilin zəruriliyini xüsusi vurğulayıb. Elçin İbrahimov həmçinin dil birliyi ilə bağlı aparılan elmi tədqiqatlar, normativ-linqvistik yanaşmalar və tətbiqi təşəbbüslər barədə geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tahirə AĞAMİRZƏ