“Laçında olduğumuz müddətdə burdakı abadlığın, canlanmanın şahidi olduq. Bura gələndən sonra başa düşürsən ki, biz 30 il hansı yerləri, necə dilbər guşələri itirmişdik. Biz Laçın şəhərinə axşam çatanda burda projektorlar vasitəsilə ustaların işlədiyini gördük. Əslən Laçından olan Elnur Abdullayevlə də burada görüşdük”. Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev qonaqlara bərpa-tikinti işləri ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, biz bir gün də olsun Laçınla bağlı heç bir xatirələrimizi unutmadıq: ”Bu gün Laçın şəhərində bərpa işləri gedir. Bu bərpa işlərində təbii ki, Laçın sakinlərindən bir qismi də burda könüllü olarq işləyirlər. Bu insanlarla biz küçələrdə, sahələrdə, ərazilərdə rastlaşarkən hətta biz onların üz çizgilərini belə unutmadıq. Nə gözəl ki, bu günə qədər bunu qoruyub saxlaya bildik və eyni zamanda çox şərəfli bir hissdir ki, bu gün aldığımız təhsili, belə deyək, yiyələndiyimiz peşəni öz doğma torpağımızda icra edirik”.
Elnur Abdullayev burda 30 ildən sonra bulaq da tapıb. O bildirib ki, bu bulaq sakinlərin həyət sahəsindən çıxdığına görə, təbii ki, bulaqlar həmin sakinlərin adları ilə tanınırdı. Məsələn, burda bir neçə bulaqlar var, indi yanında durduğumuz bulağa Əbdül bulağı deyirdilər. Başqa-başqa adlara aid bulaqlar da vardı. Təəssüflər olsun ki, işğal dövründə bu bulaq tamamilə batmışdı. Amma biz bunun yerini bildiyimiz üçün təyin etdik və eyni zamanda bunun bərpası üçün bu gün burda müəyyən işlər aparılır.
Elnur Abdullayev Laçının əhalisi haqqında da məlumat verərək bildirib ki, işğaldan öncə Laçın şəhərində 2020 fərdi yaşayış evi, 28 ümumi yaşayış evi və eyni zamanda inzibati binalar, idarə binaları, tarixi memarlıq abidələri vardı. Amma təəssüflər olsun ki, işğal dövründə Laçın şəhərində olan 2020 evdən 1500-dən yuxarı evlər tamamilə dağıntılara məruz qalmışdır. Hal-hazırda dağıntılardan sonra bərpaya yararlı, hətta müəyyən qədər dağıdılmış evlər var, nə mümkünsə biz o evləri bərpa etməyə çalışırıq və insanların da bura birinci qayıdışı tərəfimizdən may ayının sonuna planlaşdırılır.
Onu da qeyd edək ki, Elnur xarici ölkədəki hər şeyini qoyub könüllü olaraq bura, Laçına işləməyə gəlib: “Mən bu dəvəti alarkən geriyə baxmadan, hər şeyi geridə buraxıb buraya gəlməyi qərarlaşdırdım və nə yaxşı ki, bu addımı atmışam”.
Memar Laçının gələcəkdə təsdiqlənmiş baş planından da söhbət açıb və bildirib ki, Laçın sakinlərinin evlərinin bərpası ilə yanaşı, bu insanların gələcəkdə bura qayıdarkən onların sosial-həyat şəraitinin yaxşılaşdırılması üçün iş yerlərinin açılması, idman-sağlamlıq komplekslərinin yaradılması, uşaq baxçaları və məktəblərin və bunlarla bağlı eyni zamanda paralel şəkildə işlər aparılır.
Elnur Abdullayev əlavə edib ki, mənim üçün çox xoşdu ki, belə şərəfli işlə məşğul oluram. Nə gözəl ki, bu gün Laçının qurulmasında, inkişafında, böyüməsində az da olsa bizim də payımız var. Böyük qayıdış yaxındadır. Tezliklə biz bura da qayıdacağıq. Burda da həyat yenidən canlanacaq. Laçın yenə gö-könül oxşayacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ