08.09.2024, 07:34
AZ EN
05.12.2022, 14:46 676

Məzarı boş qalan şəhid

XƏBƏRLƏR

O, Şuşanın vurğunu idi...

Azərbaycan xalqı ötən ay Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümünü qeyd etdi. Otuz ildir Qələbəni həsrətlə gözləyən xalqımız bu illər ərzində həmin müqəddəs amal uğrunda neçə-neçə qəhrəman oğlunu qurban verdi. Zəfər Günü ərazi bütövlüyümüz uğrunda canını qurban verən Vətən fədailərinin Qarabağ səmasında dolaşan narahat ruhlarının da uzun illərdən sonra rahatlığa qovuşduğu tarixdir. Ruhu dinclik tapan belə igid oğullardan biri də Birinci Qarabağ müharibəsi şəhidi, Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, baş çavuş İsayev Rövşən Qaraş oğludur. Birinci Qarabağ müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Rövşən İsayevin də ruhunun mədəniyyət beşiyimizin azad edilməsi ilə dinclik tapdığını əminliklə deyə bilərik.

 

Qəhrəmanın 22 illik şərəfli və qısa həyat yolunun qısa xülasəsi

Qaroş kişinin həm qız, həm oğul övladı vardı. Bir oğlu da dünyaya gəlmişdi. Mütaliəni çox sevən ailə üzvləri oxuduqları “Koroğlu” dastanından Rövşənin qəhrəmanlıqlarına necə vurulurlarsa, yeni doğulmuş uşağa təkidlə Rövşən adı verilir. Onlar Rövşənin adı kimi qəhrəman olacaqlarına çox ümid edirdilər. İllər ötür, Rövşən adına layiq olur.

Rövşən İsayev 1970–ci ildə Sumqayıt şəhərində anadan olub. O, 1977–ci ildə 25 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 1988-ci ildə həmin məktəbi bitirib və bir il sonra hərbi xidmətə çağırılıb. Hərbi xidmətin altı ayını Çərkəz Respublikasının Çərkəzsski şəhərində, qalan hissəsini Almaniyanin Perlberq şəhərində keçib. Rövşənin böyüyəndə qəhrəman olacağı kiçik yaşlarından məlum idi. Vətənpərvərliyi ilə həmyaşıdları arasında xüsusilə seçilir, yaşının az olmasına baxmayaraq, İkinci Dünya müharibəsi veteranı olan Məmməd babasının davamçısı, eləcə də polis olacağını dönə-dönə təkrarlayırdı. Hərbi xidməti başa vurduqdan sonra arzularının ardınca gedən Rövşən 1991–ci ildə Sumqayıt Şəhər Polis İdarəsinin Post Patrul Xidməti batalyonuna işə qəbul olunaraq polis baş serjantı (baş çavuş) rütbəsi alıb. O, şəhərdə yaradılan xüsusi təyinatlı milis dəstəsinin ilk üzvlərindən olub. Hüquq-mühafizə orqanlarında xidmət etdiyi müddətdə peşəkar polis işçisi kimi seçilib, qüsursuz xidmətlərinə görə komandirləri tərəfindən təltif olunub.

1991-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təxribatlar zamanı Vətənin müdafiəsinə qalxanlardan biri də Rövşən idi. O, Vətənin dar günündə kənarda qalmadı. Ərazi bütövlüyümüz uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edən Rövşənin döyüş yolu Goranboy rayonundan başlayıb. Həyatda cəmisi 22 bahar yaşamış igidimiz 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən qızğın döyüşlər zamanı son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid olub.

 

Məzarı boş qalan şəhid

Döyüş yoldaşları Rövşəni həm qürur, həm də kədər hissi ilə xatırlayırlar. Onlar qəhrəmanın nəşini savaş meydanından çıxara bilmədiklərinə görə, hələ də özlərini bağışlaya bilmirlər.

1992-ci il mayın 8-də Rövşən İsayevlə yanaşı, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən olan polis əməkdaşları da Şuşa şəhərinin müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhadətə ucalıblar. Lakin onlardan yalnız altı nəfər, o cümlədən Rövşən məzarı boş qalan şəhidlərdəndir.

Rövşən İsayev 1992-ci il mayın əvvəllərindən Şuşanın müdafiəsi uğrunda hərbi əməliyyatlarda iştirak etməyə başlayıb. O silahdaşları ilə birgə Şuşa sanatoriyasında özünə sığınacaq seçibmiş. Sanatoriyada 100-dən çox polis əməkdaşı varmış. Mayın 7-dən 8-nə keçən gecə sanatoriya düşmənin qrad atəşi hədəfinə çevrilib. Onlar səhərə kimi zirzəmidə qalıb gözləməli olublar. Rövşən və döyüş yoldaşlarına ermənilərin Şuşanı güclü atəşə tutaraq xeyli qüvvə ilə hücuma keçdiyi barədə məlumat gəlib. Postlardakı döyüşçülərə köməyə getmək üçün Rövşəngilin dəstəsi sanatoriyadan Şuşa Daxili İşlər Şöbəsinə tərəf istiqamət götürüblər. Yolda düşmənin qrad atəşinə məruz qalan polislər arasında yaralanan və şəhidlər olub. Qalanları isə özlərini polis şöbəsinə çatdırıb. Rövşən həbsxana ilə xəstəxana arasındakı qayalıqda özünə səngər seçərək düşmənlə döyüşüb. Qüvvələr nisbətinin düşmənin xeyrinə olduğu belə vaxtda məsləkdaşlarının şəhid olmasını görən Rövşəni dayandırmaq mümkün olmayıb. Döyüş yoldaşları həmin an igidin intiqam hissinin təsiri ilə ayağa qalxaraq düşmənə ardıcıl atəşlər açdığını deyiblər. Rövşən şəhərə girməyə çalışan düşmənlərdən bir neçəsini məhv edib. Ancaq bu zaman o, özü düşmənin snayper gülləsinə tuş gələrək döyüşdə həlak olub. Silahdaşı Rövşənin nəşini döyüş meydanından çıxarılmağa cəhd göstərib, lakin özü də düşmənin snayper gülləsinə tuş gələrək yaralanıb. Beləliklə, Rövşəni səngərdən çıxarmaq mümkün olmayıb.

 

Şuşada Rövşənlə birlikdə vuruşmuş döyüş yoldaşlarının xatirələri...

Polis yoldaşı Səhman İsmayılov həmin anlar barədə belə danışıb: “1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşa şəhərində Rövşənlə birlikdə döyüşdə olmuşam. Həmin gün gecə saatlarından ermənilər Şuşa şəhərini atəşə tutmağa başladılar və hücum etdilər. Hücumun qarşısını almaq üçün Sumqayıt polisindən də oraya 30 əməkdaş ezam olunmuşdu. Düşmənin Şuşaya hücumunu dəf etmək üçün biz polislər müxtəlif yerlərdə döyüş mövqeyi tutmuşduq. Rövşən dağlıq ərazidə ermənilərin gəldiyi istiqamətdə vuruşurdu. Mərd oğlan olan Rövşən Şuşada şücaət göstərərək şəhid olub.

Həmin vaxt Rövşən avtomat əlində uzanıqlı vəziyyətdə idi. Lakin onun öldüyünə inanmadım. Sonra yaxınlaşanda gördüm ki, snayperlə alnından vurulub. Anladım ki, Rövşəni çıxartmaq mümkün olmayacaq. Çünki həmin vaxt onu vuran ermənilərin mənə də atəş açacağını hiss etdim. Ona görə belimdəki məftili açıb döyüş yoldaşımın ayağına bağladım. Avtomatını götürüb, qayıtmaq istəyəndə isə düşmən gülləsi mənim sol ayağıma dəydi”.

 

Rövşən əsir düşməmək üçün özü ilə güllə gəzdirirdi

Şəhidin bacısı Zərqələm İsayevanın sözlərinə görə, nəşi Şuşada qalan Rövşən canından çox sevdiyi şəhər üçün özünü fəda edib: “Qardaşım Şuşanın müdafiəsi üçün Sumqayıt Şəhər Polis İdarəsindən döyüşə yollanıb. Yadımdadır, 1992-ci il aprelin 15-də ezamiyyətdən qayıtmışdı. Ona dedim ki, vəziyyət pis olduğu üçün bir-iki həftə Sumqayıtda qal, sonra Şuşaya gedərsən. Dedi ki, yox bacı, sən Şuşanı görməmisən. Şuşa öz təbiəti, füsunkarlığı Qarabağımızın tacıdır. Biz necə olursa-olsun Şuşanı qoruyub saxlamalıyıq. Onun danışığından anlayırdım ki, o Şuşanın vurğunu idi. Üstündə saxladığı gülləni isə hər dəfə mənə göstərərək deyirdi ki, özümü, ermənini öldürərəm, ancaq düşmənə əsir düşmərəm. Beləliklə, o belə də etdi, son damla qanına qədər vuruşaraq şəhid oldu".

Qardaşı Rasim deyir ki, illərlə ailəmiz kədər içində qovruldu. O vaxt atam, qardaşlarım və mən uzun illər Sumqayıt-Ağdam yolunda get-gəldə olduq. Lakin bunun nəticəsi olmadı. Sumqayıtdakı Şəhidlər xiyabanında Rövşən üçün qazılmış bir məzar boş qaldı.

 

Anası ömrünün sonunadək oğlunun yolunu gözlədi

Rövşən itkin düşmüş hesab edildiyindən anası Pərnisə xanım oğlunun bir gün geri gələcəyinə ümidini itirməmişdi. Doğrudur, şəhidlər heç zaman ölmürlər, onlar cismən olmasa da ruhən sevdiklərinin yanında olurlar. Şəhidin anası ömrünün sonunadək oğlunun yolunu gözlədi... İndi ana da övladına qovuşub, uzun illərin həsrəti sona çatıb.

Şəhidin ailəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Rövşənin ölümündən sonra özlərinə gələ bilməyiblər. Çünki o zaman torpaqlarımız düşmən tapdağı altında qaldığından onun ailəsi uzun illər boyu Rövşənin nəşini Şuşadan götürə bilməyib. Torpaqlarımızın azad edilməsi ilə təskinlik tapan ailəsi şəhidin ruhunun şad olduğunu deyirlər.

Xatırladaq ki, birinci Qarabağ müharibəsindən sonra dörd minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə dövlətimizin bu məsələdə ciddi səyləri nəticəsində məzarlar aşkarlanır, tapılan qalıqlar eskumasiya edilir. Rövşənin ailəsi də şəhidin Şuşada əbədiyyətə qovuşduğu yerdə nəşinin tapılacağına və uzun illərdən sonra uğrunda canını fəda etdiyi torpağa tapşırılacağına inanır.

Məmməd İSAYEV

AZƏRTAC

Oxşar xəbərlər