Bu gün Azərbaycan televiziyasının əməkdaşı aksiya yerindən birbaşa canlı bağlantıda bir daha bu aksiyanın dinc olduğunu və heç bir siyasi mahiyyət daşımadığını bütün dünyaya çatdırdı. Bildirildi ki, buradan ancaq sülh şüarları səsləndirilir. Bəs niyə beynəlxalq ekoloqlar susurlar? İnsanlarımızın istəyi odur ki, Xocalıya, Xankəndiyə yol açılsın. Vətəndaşlarımız bütün insanlara bir həmrəylik nümayiş etdirirlər. Bu aksiya dünya tarixində yeni bir mədəniyyəti sərgilədi. Bu dinc aksiyadır, Burada Azərbaycan musiqisi, rəqsləri təqdim olunur.
Bu dəfə aksiyaya minadan əziyyət çəkən insanlarımız, qazilərimiz də qoşulub. Düşmənin amansız mina terroru nəticəsində əlil olmuş Bayramov Rəfael Köçəri oğlu deyib ki, 30 ildir bu minalardan əziyyət çəkirik, azad edilmiş torpaqlarımızda mina yerinə bir ağac əkilsə daha yaxşı olar. Qeyd edək ki, elə aksiyaçıların şüarlarından biri də budur.
Sarıyev İntiqam İlham oğlu: “Terrora son qoyulsun, aidiyyəti qurumlar çəkilsin öz sərhədlərinə. Bizə mane olmasınlar. Xəritələri də təqdim eləsinlər”.
Salahov Elnur Elbrus oğlu da ekoloji terrora son verilsin və mina qurbanları olmasın, deyib: “Məlum olduğu kimi işğaldan azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb”.
Hazırladı: Mina RƏŞİD