02.08.2025, 07:46
AZ EN
15.12.2022, 11:46 472

“Qızılbulaq” yatağını tədqiq edən geoloq: Məqsədimizə çatana qədər lazımi addımları atacağıq

XƏBƏRLƏR
  • “Qızılbulaq” yatağı ən yüksək məhsuldarlığa malikdir. Biz həmin yatağı işləyib hazır etmişik. Sonra isə Qarabağ işğal olunub və yatağın istismarı yarımçıq qalıb.

Bunu Şuşa-Laçın yolunda keçirilən aksiyada iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Qamət Hüseynov deyib.

Qamət Hüseynovun sözlərinə görə, yatağı tədqiq edən zaman onunla birgə erməni geoloq da çalışıb və bu səbəbdən də yatağın məhsuldarlığı barədə o da məlumatlı olub: “Ermənilərin özü yatağı istismar edə bilmir və bu səbəbdən də bu işi xarici şirkətlərə həvalə ediblər. “Qızılbulaq” yatağı ilə Zod arasında məsafənin az olması səbəbindən gecə-gündüz yataqdan çıxan filizləri Ermənistana daşıyıblar. Bizim də tələbimiz budur ki, buradan daşınan qızılımız hesablansın və o sərvətimiz bizə qaytarılsın, ölkəmizin büdcəsinə keçirilsin. Biz tələbimizin üzərində dayanıb, məqsədimizə çatana qədər lazımi addımları atacağıq. Tələblərimizdən biri isə həmin ərazidə ekoloqların və geoloqların iştirakı ilə monitorinqin keçirilməsidir və bu olduqca vacibdir. Biz sivil qaydada həmin ərazidə yoxlama keçirmək istəyirik ki, yatağın hazırkı vəziyyəti ilə tanış olaq. Orada həyata keçirilən qanunsuz işlər, ağacların kəsilməsi, meşələrin yandırılması da Azərbaycanın və həmçinin bütün regionun ekologiyasına kifayət qədər böyük ziyan vurur”.

Geoloq qeyd edib ki, “Qızılbulaq” yatağı 1875-ci ildə Barkanov tərəfindən yer səthində geoloji axtarışlar nəticəsində aşkar olunub: “Yataqdan götürülmüş nümunələr burada qızıl ehtiyatlarının olmasını göstərib, lakin yer qatının dərinliklərində axtarış aparılmayıb. Böyük Vətən müharibəsindən sonra isə Azərbaycan geoloqları həmin əraziyə gedərək Barkanovun məlumatları əsasında həm yer səthində, həmçinin yerin dərinliklərində qazıntılar aparmaqla tədqiqata başlayıblar. Qazılmış mağaralardan əldə olunmuş nümunələr də orada filiz yatağının olmasını sübuta yetirib. Daha da dərinliklərə endikcə isə yataqda qızılın miqdarının artması aşkar olunub. Bu yataqda 1975-ci ildən 1987-ci ilə qədər bizim geoloq qrupumuz fəaliyyət göstərib və yatağı tədqiq edib. Digər yataq isə Gədəbəydə yerləşir və həmin yatağı Simens qardaşları 1864-1916-cı illər aralığında araşdırıb və oranı istismar ediblər, lakin yatağı qızıl yox, mis yatağı kimi qələmə veriblər. Buradan da sual yaranıb ki, Karpat dağlarında xeyli mis yatağı olduğu halda niyə Simens qardaşları mis çıxarmaq üçün Gədəbəyə gəlib? Bu səbəbdən də Gədəbəyə texnoloq göndərilib və məlum olub ki, əslində bu yataqdan qızıl çıxarılırmış, beləliklə də 3 ton qızıl, 47 ton gümüş həmin illər ərzində talan olunub. Onu da əlavə edim ki, ermənilər 30 il ərzində bizim qızıl yatağımızı talan ediblər və bununla da dövlətimizə külli miqdarda ziyan vurublar”.

Oxşar xəbərlər