18.10.2024, 18:28
AZ EN
11.07.2023, 10:12 320

Oğul Vətən üçündür

XƏBƏRLƏR
  • “Onun soyadını daşıdığım üçün fəxr edirəm. Onunla bağlı keçmiş zamanda danışmaq istəmirəm, Fuad mənim üçün yaşayır…” Bu sözləri bu günkü şəhid qəhrəmanımızın anası deyir. Fuad həm də atasının yarım qalan arzusunu ən uca məqamla tamamlayan oğuldu. Belə ki, atası Birinci Qarabağ müharibəsində savaşsa da torpaqlarımızın işğal altında qalması Şabanovlar ailəsinin də böyük dərdinə çevrilmişdi. Fuad isə Azərbaycanın Zəfər qazanmasında, torpaqlarımızın düşməndən azad edilməsində canıyla, qanıyla vuruşdu və şəhadətə ucaldı. Doğma balasından ayrılmaq nə qədər çətin olsa da, atası övlad Vətən üçündür, - deyir.

Bu gün qəhrəman şəhidimiz Fuad Rasim oğlu Şabanovun doğum günüdür. O, 1997-ci il iyulun 11-də Balakən rayonunun Qaravəli kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Fuad Şabanov 2016-ci ilin  Aprel döyüşlərinin də iştirakçısı olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fuad Şabanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü yollanıb. Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Fuad Şabanov oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhadətə ucalıb.

Şəhidimiz Balakən rayonunun Püştətala kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Fuad Şabanov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər