Bunu İTV-yə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. O, deyir ki, vətəndaşlar maarifləndirmə tədbirləri zamanı verilən təlimlərdəki təlimatlara əməl etmirlər və özfəaliyyətlə məşğul olurlar. 1920-ci ildə Ermənistanla bağlanan müqavilədən sonra onlar ikinci bir “cəbhə xətti” yaratmışdılar. Bu təxminən 480 kilometr bir ərazi idi. Sonradan bizə məlum oldu ki, burada 1,5 və 2 kilometr dərinliyində minalanma işləri aparılıb. Hardasa 500 minə yaxın mina idi. O ərazilərlə bağlı Ermənistan Azərbaycana heç bir sənəd təqdim etməyib.
Qeyd edək ki, hazırda ANAMA tərəfindən aparılan mina və partlamamış hərbi sursatların təmizlənməsi işi davam etdirilir. 2021-ci illə müqayisədə hazırda insidentlərin sayında 69 faiz, zərərçəkənlərin sayında isə 71 faiz azalma qeydə alınıb.
ANAMA-nın şöbə müdiri Ramil Əzizov bildirir ki, mina təhlükəsi çox vaxt vizual olaraq görünmür. Torpağın səthi şübhə doğursa belə mina bir neçə santimetr aşağıda olur. Bu səbəbdən beynəlxalq minatəmizləmə standartlarına uyğun olaraq risk zonaları konservasiya olunur və fiziki baryerlərlə qorunur. Çəpərlənmiş zonalara qanunsuz müdaxilələr, təsərrüfat fəaliyyətinin davam etdirilməsi və ya baryerlərin sökülməsi təkcə dövlət qurumlarının işinə maneə deyil, həm də birbaşa isan həyatı üçün təhlükə yaradır.
10 noyabr 2020-ci ildən bu günə qədər mina qurbanlarının sayı 417-ə çatıb.
Hazırladı: Mina RƏŞİD