22.11.2024, 01:10
AZ EN
12.10.2023, 18:07 214

Vardanyan Bakıdan ailəsinə iki dəfə zəng edib

XƏBƏRLƏR

Qarabağ separatçılarının keçmiş "dövlət naziri”, hazırda Bakıda həbsdə olan Ruben Vardanyan indiyədək ailəsi ilə əlaqə saxlayıb. O, həyat yoldaşı ilə telefon danışı zamanı vəziyyətinin yaxşı olduğunu bildirib, həmçinin saxlama şəraitindən şikayətlənməyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə onun oğlu David Vardanyan Ermənistan mətbuatına müsahibəsində bildirib. O, atasının dünən və ötən çərşənbə axşamı anasına zəng etdiyini deyib: “Zəng çox qısa olub. O, yaxşı formada olduğunu bildirib. Digər təfərrüatları müzakirə etməyiblər. Həm də darıxdığını söyləyib. Biz də onun üçün darıxırıq”.

David Vardanyanın deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri onun anası ilə əlaqə saxlayaraq, hazırda Bakıda saxlanılan  separatçı liderlərə, o cümlədən Ruben Vardanyana və digər baş çəkmək istədiklərini bildiriblər. Onun sözlərinə görə, Ermənistan hökuməti Bakıda həsbsdə olan separatçıların azadlığa buraxılması üçün beynəlxalq təşkilatlar vasitəsilə danışıqlara başlayıb: “Ermənistan dövləti beynəlxalq məhkəmədə iddia qaldırıb ki, təkcə mənim atamı deyil, Azərbaycanda həbsdə olan bütün məhbuslar azadlığa buraxılsın. Oktyabrın 12-də onların mümkün azadlığa buraxılması ilə bağlı Haaqada məhkəmə prosesi olacaq. Bu prosesin uğurla yekunlaşacağına böyük ümidlər bəsləyirik. Təbii ki, biz də atamı azad etmək üçün addımlar atırıq, lakin bu haqda danışmaq hələ tezdir”.
 
David Vardanyan atasına tutduqları azərbaycanlı vəkili bu işə necə işə cəlb etdikləri barədə də danışıb: “İcma təşkilatları, eləcə də tanışlarımız vasitəsilə atamı təmsil etmək üçün tutduğumuz yerli vəkillə əlaqə saxlaya bildik. Bu hüquqşünas hazırda Azərbaycanda bizim maraqlarımızı təmsil edir”.

Xarırladaq ki, qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Vardanyan sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.

Elxan SALAHOV

Oxşar xəbərlər