Araz Elsəs 1971-ci il noyabrın 27-də Cənubi Azərbaycanda, Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub.
Soydaşlarının əzilməsi, İran dövlətinin zülmü, qadağaları gənc Arazın ruhunda dərin izlər buraxıb. Yaşadıqlarını şeirin, sözün-sazın dili ilə xalqına çatdıran Araz Elsəs doğulduğu doğma Vətəni Sulduzu bu gün də axar sularıyla, çaylarıyla, qaynayan bulaqlarıyla, əzəmətli dağlarıyla xatırlayır və deyir ki, orada, doğma Vətəndə hər bir şey bizə qadağan idi: “Keçmişimdən, gələcəyimdən danışmağım, ata-babamın adını çəkməyim, ulumda-ulusumda danışmağım, düşüncələrim qadağan, hər şey, kimliyimiz, varlığımız, azərbaycanlılığımız, türklüyümüz qadağan... Qadağalara bürünmüş bir vəziyyəti düşünün... Orda sazımı gizli-gizli gəzdirərdim.
30 ildir doğma yurdumdan ayrılmışam. Ordan ayrılmağımın səbbi isə oxuduğum mahnıların yayılması idi. Arazı keçib, Arazın şimalında, ay-ulduzlu bayrağımızın altında yaşamağa başladım”.
Araz Elsəs burada bir müddət yaşayandan sonra Norveçə, ordan da İsveçə gedib.
Son bir neçə ayda İranda baş verənləri ürək ağrısı ilə izləyən Araz Elsəs deyib: “Mən İran adlı ölkəni bir dəyirmana bənzədirəm. Bu mənim “Dəyirman” adlı mahnımda da var. Bu dəyirman gecə-gündüz durmadan bizim varlığımızı yox etməyə, əritməyə, üyütməyə çalışır. Ancaq artıq bu dəyirmanın sonuna çox az qalıb. Artıq yüksəliş zamanıdır. Arazın şimalında bizim səsimizə səs verən qardaşlarımız var. Bununla yanaşı, Türkiyənin bizim yanımızda olması çox vacib məsələdir, bu, millətimiz üçün önəmlidir. Son günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox önəmli bir mesajı millətimizdə böyük bir sevinc hissi yaşadıb. Bu mesajdan güc alan Azərbaycan türkləri ayağını yerə vuracaq və öz bayrağını qaldıracaqdır. Buna ürəkdən inanıram. Bu gün Arazın şimalında dalğalanan üç rəngli ay-ulduzlu bayrağımız çox keçməyəcək Təbrizin göylərində, Ərkin zirvəsində dalğalanacaq. Qarış-qarış yurdumun, şimal-cənub demədən dörd bir yanında dalğalanacaqdır müqəddəs bayrağımız. Bu belədir, bunu hər kəs də belə bilsin. Bu Azərbaycanın təbii haqqıdır”.
Otuz ildir yurd həsrətiylə qürbətdə yaşayan hər sözü , avazı Vətən olan Araz Elsəsin indi tək arzusu, Xudafərində görüşməkdir: “Çox keçməyəcək, Xudafərində görüşəcəyik, bir-birimizi bağrımıza basacağıq, bayram edəcəyik Azərbaycanın bütövlüyünü. Bu həsrətə son qoyulacaq. Biz ayrıldığımız yerdə, bölündüyümüz yerdə yenidən birləşəcəyik, bütövləşəcəyik. O gün biz ən böyük Zəfərimizi bayram edəcəyik”.
Hazırladı: Tahirə AĞAMİRZƏ