Elməddin müharibədən az sonra bloger Nail Kəmərli ilə söhbətində deyib ki, arzuma çatdım, 4 düşmən əsgərini öldürdüm: “Biz Füzuliyə səhər, yəni, sentyabr ayının 27-dən 28-nə keçən gün gəlib çatdıq. Füzulidə noyabr ayının 3-nə qədər vuruşduqdan sonra bizi Cəbrayıla apardılar. Elə Cəbrayıla çatan kimi 30 saniyə sonra düşmən düşdüyümüz “Kamaz”ı vurdu. Onda bildik ki, düşmənə çox yaxın məsafədəyik. Həmin gün kombatımız şəhid oldu. Təxminən 200-dən çox əsgər idik. Bizi iki hissəyə ayırmışdılar, irəli gedirdik. Məni zəif bilib arxadakı hissədə saxladılar. Sonra buna dözmədim irəli keçdim. Bizdən 7-8 kilometr irəlidə olan əsgərlərə ərzaq aparanlara qoşulub getdim. Bölük komandirim ordaydı. Elə o məni qoymamışdı. Bir də manqa komandiri. Dedilər qayıt, elə ərzaq gətirənlərlə öz hissənə get. Amma qayıtmadım, səngərdə gecələdim, yağışın altında, üst-başım batmışdı. Başqa əlacları qalmadı. Əynimi dəyişdim və istədiyimə nail oldum, döyüşə qatıldım. Həmin gecə komandir şəhid oldu. Ermənilər hucum elədilər, çox idilər. 15-20 zirehli texnika ilə gəldilər. Mən dayanmadan atırdım. Düşmən yerimi bildi, 3-4-ü birdən üstümə gəldi, onları vurdum... Özü də dəstədən ayrı düşmüşdüm, onlara çatmaq üçün bir təpəni aşmalıydım. Darağımı dəyişən zaman məni yaraladılar. Çox qan itirdim, həm də zəifləmişdim. Qərargah rəisi özü yaralı olsa da məni və başqa əsgəri sürüyüb aparırdı”...
Elməddin qolundan ağır güllə yarası alır. Onu gecə Füzuliyə gətirirlər, əməliyyat olunur.
Mərd əsgər müharibə vaxtı gördüklərindən, yaşadıqlarından danışır. Deyir ki, yağış suyu ağzımıza dəyəndə sevinirdik. 1 litr suyu bəzən 27-28 nəfər içirdi, səhər isti, axşam çox soyuq oludu. Bir dəfə su keçirməyən geyimdə səngərdə yatıb və səhər ayılıb ki, su boğazına çatıb. Deyir, elə yağışlı havada, suyun içində döyüşürdük. Elməddin təkcə əsirlikdən qorxduğunu deyir, ona görə də bir qumbaranı həmişə saxlayırmış ki, əsir düşsə özünü öldürsün.
“Çalışırdıq ki, gecə oyaq qalaq, düz 6 gecə yatmamışam”, deyir bu cəsur əsgər.
“...Postu aldıq, yarım saat sonra tibb maşını gəldi və ağ bayraq qaldırdı. Yoxlamağa gedəndə gördük ki, döyüşçülərdi, mayoru vurdular. Mən də düşməni vurdum. Hamımız onları məhv elədik. Ratsiya ilə xəbər verdilər və üstumüzə mərmi yağış kimi yağmağa başladı. Düzənliyin ortasıydı, hara gedək bilmirdik. Dedilər, uzanın. Əlimdən su qabı yerə düşmüşdü, sonra gördüm mərmi qabı əridib... Bir dəfə də, düşmən tankın üstünə bayrağımızı sancıb bizi çaşdırmağa çalışırdı. Sonra 9-10 saat mühasirədə qaldıq”.
Elməddin müharibəyə getdiyini ailəsinə bildirməyib. Heç yaralananda da, deməyib. Sadəcə onu yoxlamağa gələndə görüblər ki, güllə yarası alıb...
Bax, budur şanlı Azərbaycan əsgəri!
Mina RƏŞİD