21.09.2024, 18:34
AZ EN
24.10.2022, 10:15 305

Yuxuda şəhid olacağını görmüşdü…

XƏBƏRLƏR
  • Bu gün şəhid Bəhruz Elman oğlu Əliyevin doğum günüdür. O, 1997-ci il oktyabrın 24-də Bakıda, Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.

2004-cü ildə Maştağa qəsəbəsindəki C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 nömrəli Bakı Peşə Məktəbində 2 il davam etdirib. 2019-cu ilin oktyabr ayının 22-də hərbi xidmətə yola düşüb. Xidmətini bir müddət Goranboyda, sonra Tərtər rayonunun Sarov kəndində davam etdirib. Daha sonra isə Tap Qaraqoyunlu kəndində N saylı hərbi hissədə bir müddət motoatıcılıq kurslarına cəlb edilib.

2020-ci il sentyabrın 27-də Azərbaycanın Zəfər yürüşündə Bəhruz da döyüşlərə atılıb. Cəsur əsgər elə müharibənin ilk günündə Suqovuşanda düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edib. O, döyüş zamanı yaralı əsgər yoldaşlarının döyüş zonasından çıxarılmasına da kömək edib. Sentyabrın 28-də yaralı əsgəri xilas edib döyüşə qayıdanda xüsusilə sağ ayağından ağır yaralanıb. Ordumuzun mərd əsgəri Bəhruz Əliyev güclü qan itirmədən şəhidlik zirvəsinə ucalıb.

Sentyabrın 29-da doğlub, boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Atası Elman Əliyev oğlu haqqında qüruqla danışır. Deyir ki, Bəhruz gülərüz, mehriban, şən uşaq olub. İstiqanlıydı, özündən böyüklərlə oturub-durardı. Böyüdü, məktəbə, sonra hərbi xidmətə getdi. Bəhruz deyirdi ki, yuxuda şəhid olduğunu görüb. Onda hələ müharibə yox idi. “Oğlum oktyabrın 26-dan döyüşdə olub, Tərtərin Talış kəndini azad ediblər. Sonra Suqovuşana gediblər. O, 2 tank vurub, 60-a yaxın düşmən əsgərini öldürüb. Yaralı yoldaşlarını, komandirini döyüş zonasından çıxarıb. Onu qrantamyotla vurublar, yaralanıb və çox qan itirdiyinə görə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların valideynlərinə səbir, qazilərimizə cansağlığı versin”.

Anası Qərənfil Bəhruzlu oğlunun çox zəhmətkeş olduğunu, ailəyə, evə can yandırdığını söyləyir: “Bəhruz 11 ayın əsgəri olub, mən bu ərəfədə onun üzünü görmədim. Müharibəyə gedəndə bacısıyla danışıb, halallıq istəyib, qızım deyib ki, ananla da danış. Amma onun anasıyla danışmağa vaxtı çatmayıb”. Deyib biz bir də görüşməyəcəyik. Torpağı, Vətəni hər kəsdən üstün tutub. Balamın qanı Qarabağ torpaqlarına qarışıb”.

Bəhruz 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindəndir. Zəfər tariximizin ilk səhifəsini öz qanları ilə məhz Bəhruz kimi müqəddəs şəhidlərimiz yazıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Doğum günün, həm də şəhadətin mübarək, qəhrəman əsgər!

Mina RƏŞİD

Oxşar xəbərlər