Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri açıq elan edən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış etdi.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tələbə adını qazanan gəncləri təbrik etdi. Onlara gələcək həyatlarında uğurlar arzulayaraq qeyd etdi ki, bu gün Azərbaycan Ümummilli Liderin yaratdığı fundamental təməl üzərində ucalır. Heydər Əliyev yolu Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoydu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən Müharibəsində tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi.
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri bərpa və quruculuq işlərinin təqdimatı kimi dəyərləndirilir.
Bu il rayonumuzun H.Quliyev adına Çaytumas kənd məktəb-liseyi, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, İ.Qayıbov adına Saray kənd tam orta məktəbi, A.Atakişiyev adına Muradxanlı kənd orta məktəbi, C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbi qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 44 məzunun hamısı, F.Mehdiyev adına Qaralar kənd orta məktəbində ali məktəblərə sənəd verən 31 məzun, C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 11 məzun, A.Atakişiyev adına Muradxanlı kənd orta məktəbində ali məktəblərə sənəd verən 22 məzun, İ.Qayıbov adına Saray kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 6 məzunun hamısı tələbə adını qazanmışdır.
Bu il rayonumuz üzrə çox qürurverici haldır ki, məzunlarımızdan 6 nəfər Qarabağ Universitetinə yüksək balla qəbul olmuşdur.
Butün bunlar Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra çıxış edən təhsil işçiləri, valideynlər və məzunlar gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda yüksək bal toplamış gənclərə RİH tərəfindən hədiyyələr, bir qrup müəllimlərə isə fəxri fərmanlar təqdim olundu.
Hazırladı: Mina RƏŞİD