Bu sətirlər Qarabağ müharibəsinin davamlı və əhatəli salnaməsini yaratmış qeyrətli yazıçı-publisist Ziyəddin Sultanov kitablarından birinə yazdığı ön sözdəndir. “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin”, “Gəlin gedək Qarabağa” və digər kitabların müəllifi, yetkin və püxtələşmiş jurnalist Ziyəddin Sultanov... Tənqidçilər və həmkarları onun ötən əsrin 90-cı illərindən sonra yazdığı həmin kitabları bir yerdə “Qarabağnamə” də adlandırırlar.
Bu barədə Mətbuat Şurasının təşəbbüsü ilə onun vaxtilə çalışdığı “Xalq qəzeti” redaksiyasında 70 illik yubileyi ilə bağlı keçirilən xatirə tədbirində danışılıb.
Publisistlə bir yerdə çalışmış həmkarları, qələm dostları onun haqqında xatirələrini bölüşüblər.
”Xaıq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Əməkdar jurnalistlər Bəbir Hüseynov, Tahir Aydınoğlu, Elşən Əliyev, “Qarabağa aparan yol” qəzetinin redaktoru Əli Mahmud, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev və başqaları Ziyəddin Sultanovun Qarabağ müharibəsini əks etdirən yazılarında yüksək jurnalist istedadı, fakt və hadisələrə peşəkar münasibəti, eləcə də ədəbi yaradıcılığı barədə danışıblar.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, mərhum jurnalistlə eyni vaxtda təhsil almış Akif Cabbarov, Zərifə Bəşirqızı, Adil İrşadoğlu, iş yoldaşları İttifaq Mirzəbəyli, İlqar Rüstəmov və başqaları onun yüksək jurnalistlik istedadı ilə yanaşı, şəxsi keyfiyyətlərindən, hər yerdə jurnalıst adını uca tutmasından, xeyirxah və qayğıkeş münasibətindən bəhs ediblər. O, “Xalq qəzeti”nın Qarabağ üzrə bölgə müxbiri kimi həmişə hadisələrin ən qaynar nöqtələrində olub, ən vacib və zəruri məlumatları operativ şəkildə qələmə alaraq oxuculara çatdırıb. Bölgədə erməni silahlı birləşmələrinin qarşısını alan əsgər və zabitlərin hünəri, şəhidlərin qəhrəmanlığı, məcburi köçkünlərin üzləşdiyi məhrumiyyətlərlə dolu həyat, cəbhəyanı bölgənin əhalisinin qayğıları və quruculuq işləri onun publisistik fəaliyyətində əsas yer tutub. Çıxış edən həmkarları təəssüf hissi ilə bildiriblər ki, ən böyük arzusu olan Qarabağın işğaldan azad olduğu günü, əzəli və əbədi torpaqlarımızın öz qanuni sahiblərinə qayıdışını görmək ona nəsib olmadı...
Mərhum jurnalistin həyat yoldaşı Məhparə Hacıyeva ailə üzvləri adından tədbirin təşkilatçılarına və onun xatirəsini əziz tutanlara minnətdarlığını bildirib.
Əməkdar jurnalist, “Tərəqqi” medallı Ziyəddin Sultanov dünyaya göz açdığı Ağdamda, Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanmayınca, ayağımız Cıdır düzünə dəyməyincə ad gününü qeyd etməyəcəyini deyirdi.
Ağdamda, Şuşada Azərbaycan bayrağı dalğalandı, Cıdır düzünə ayaq basdıq.
Ziyəddinsiz olsa da...
(AZƏRTAC)