Bu sözləri hazırda Mingəçevirdə yaşayan Kəlbəcər sakini Mahir Cəfərov deyib.
Mahir doğma rayonun başı üzərini təhlükə alanda silaha ilk sarılanlardan olub. O, əvvəlcə Ağdaban kəndinin erməni yaraqlılarının hücumundan müdafiəsində iştirak edib. Onun komandiri Ülfət Kərimov kəndə hücum edən ermənilərin zirehli texnika və tankını məhv edərək şəhidlik zirvəsinə ucalıb. 1992-ci ilin aprelində düşmən hərbçiləri kəndə od vurub dinc sakinlərin başına olmazın müsibət gətirəndən sonra başsız qalan özünümüdafiə dəstəsi döyüş mövqeyini dəyişərək Başlıbelin müdafiəsində iştirak edib.
Keçmiş döyüşçü deyir: “Başlıbeldə baş verənlərdən indi artıq hamının xəbəri var. Biz bir neçə döyüşçü Kəlbəcərin işğalından sonra rayonu tərk etməyə imkan tapa bilməyən yerli sakinlərlə birlikdə Dəlidağdakı kahalara çəkilərək kəndin mərd oğlanları ilə birlikdə yaşamaq uğrunda mübarizə apardıq. Doğrudur, qışın iliyə işləyən sazaqlı havasında təpədən dırnağa qədər silahlanmış erməni yaraqlılarına qarşı bir neçə avtomat və tüfənglə mübarizə aparmaq çox çətin idi, lakin heç nəyə məhəl qoymadan ölüm-dirim savaşına çıxdıq. Gücümüz dörd aya yaxın məhrumiyyətli həyat yaşayan sakinlərin yalnız bir hissəsini xilas etməyə çatdı. Ömrümün gənclik illərinə təsadüf edən həmin hadisələr heç vaxt unudulan deyil...”.
Bu gün hər bir Kəlbəcər sakini kimi Mahir də doğma rayonun işğaldan azad olunmasından böyük sevinc və qürur hissi keçirir: “Başımıza gələnlər, yaşadığımız çətinliklər heç vaxt yaddan çıxmaz, lakin bunlar bizim qan yaddaşımıza çevrilməlidir. Rayonumuzdan erməni yaraqlılarının ayağı kəsiləndən sonra bir neçə dəfə doğma yerləri ziyarət etmişəm. Mənim üçün, o ağır günləri yaşayan hər kəs üçün Kəlbəcərin hər qarışı çox qiymətlidir. İndiki günlərə, azad ata-baba ocağına, yurd yerlərimizə qovuşduğumuz üçün çox xoşbəxtik. Bu günü bizi yaşadanlara da özümüzü borclu bilirik. İndi hamı kimi məni də o yerlərə əbədi olaraq dönmək, orada yaşamaq və işləmək qayğıları düşündürür. Açığını deyim ki, çox gözəl hisslərdir. Bu hisslərlə yaşamaq və Kəlbəcərə dönüş gününü səbirsizliklə gözləmək də gözəldir. Elə bilirəm ki, əsl həyat oradan başlayacaq”. (AZƏRTAC)