21.09.2024, 06:39
AZ EN
18.11.2022, 09:25 361

Vətəni qorumağa gedirəm!

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi şəhidi, mayor Xəyal Ağabəy oğlu  Məmmədovun doğum günüdür. O, 1986-cı il noyabr ayının 18-də Şəki şəhərində anadan olub. 1993-2001-ci illərdə Şəki şəhərində 5 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsilə yiyələnib. Xəyal hərbi təhsil aldığı müddətdə bir sıra dövlətlərdə təlimlər keçib və uğurlar qazanıb.

Azərbaycan Ordusunun mayoru Xəyal Məmmədov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı mərdliklə döyüşlərə qatılıb. Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, həmçinin döyüşlər zamanı yaralı hərbçilərin döyüş meydanından çıxarılmasında  böyük zəhməti olub. X.Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsi nəticəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz doğma Şəki şəhərində böyük bir izdihamla dəfn edilib.

Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ailəli idi. 2 qızı Vətənə yadigar qalıb.

Həyat yoldaşı Röyalə Məmmədova deyir ki, Xəyal şəhid olandan sonra onun haqqında döyüş dostlarından, müəllimlərindən, onu tanıyanlardan o qədər xoş sözlər eşitdim ki, düşündüm mən onu yaxşı tanımamışam... O, dosta, ailəyə, ən əsası Vətənə çox sədaqətli idi. Şəhid olduqdan sonra onun məktubunu görəndə təəccübləndim. Çünki o, məktub yazmağı sevməzdi. Məktubda bunlar yazılmışdı:

“Mən gedirəm Vətəni qorumağa. Müqəddəs vəzifəmin icrasına. Ailəm və övladlarım Allaha əmanət olsun. Hər kəs haqqını halal etsin. Vətən sağ olsun!”

Cənnətdəki doğum günün mübarək, cənab mayor!

Mina RƏŞİD

Oxşar xəbərlər