18.12.2024, 22:00
AZ EN
17.11.2022, 11:45 403

18 yaşında tarix yazan şəhidimiz

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin şəhidi, ordumuzun mərd əsgəri Kənan İmran oğlu Hacıyevin doğum dünüdür. O, 2001-ci il noyabr ayının 17-də Astara rayonunun Anbuba kəndində anadan olub. Kənddə ibtidai məktəbi bitirdikdən sonra  S.Qurbanov adına Motlayataq kənd tam orta məktəbində təhsilini davam etdirib. 2019-cu ildə Bakı Biznes və Kooperasiya kollecinə daxil olub. Kənan 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda o, 10 ay idi ki,  Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Ordumuzun əsgəri Kənan Hacıyev 2020-ci il sentyabrın 27-də torpaqlarımızın düşməndən azad edilməsi uğrunda  başlanan Vətən müharibəsinə yollanır. O, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən qızğın döyüşlərdə fəal iştirak edir. 2020-ci il oktyabr ayının 6-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhid olur. İgid əsgərimizin nəşi bir aydan artıq tapılmır. Nəhayət noyabrın 9-da Kənan Hacıyevin şəhid olması xəbəri bütün el-obaya yayılır. Şəhidimiz doğulduğu Astara rayonunun Anbuba kəndində böyük el məhəbbəti və izdihamla torpağa tapşırılır.

Şanlı Ordumuzun Qələbə qazandığı Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgər Kənan Hacıyev ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin ölməz xatirəsi şəhadətinin ikinci ildönümündə də doğma  Anbuba kəndində böyük ehtiramla yad edilib. Anım günündə Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və qohumları, döyüş yoldaşları, şəhid ailələri iştirak ediblər. Çıxışlarda Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhid əsgər K.Hacıyevin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb.

Şəhidin atası İmran Hacıyev başda olmaqla bütün doğmaları onunla qürur duymaqda haqlıdırlar. Çünki cəmi 18 bahar yaşayan mərd əsgər Kənan Hacıyev bu yaşda böyük Zəfər tarixi yazanlardan birinə çevrildi.  

Doğum günün mübarək, məzarın nurla dolsun, əsgər balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər