Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində hərbçi ailəsində anadan olub. Atası Balamirzə Mürsəliyev Birinci Qarabağ müharibəsində qazi olub. Orta məktəbi yüksək qiymətlərlə bitirən Sübhi 1997-ci ildə Bakı Dövlət Univeristetinin Sosial elmlər və psixologiya fakültəsinin İqtisadi nəzəriyyə ixtisasına qəbul olunub. Uşaqlıqdan hərbi sahəyə olan marağı, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunması fikri onu daim düşündürüb. Elə buna görə də ali məktəbi bitirdikdən sonra hərbi xidmətə zabit kimi yollanıb. Elə ilk günlərdən də düşmənlə üz-üzə olan cəbhə bölgələrində xidmətə başlayıb. Sübhi mərd və cəsurluğu ilə həmişə hərbi hissə komandirlərinin rəğbətini qazanıb, savadlı, uzaqgörən zabit kimi önə çəkilib, diqqət mərkəzində olub. Nəticədə tez bir zamanda tağım komandirliyindən batareya komandirliyinə yüksəlib.
2016-cı il Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə müxtəlif medallar və fəxri fərmanlarla təltif edilib.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində S.Mirsəliyev tabeliyində olan hərbi bölmələrlə düşmənin qorxulu röyasına çevrilib. Sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edən qəhrəman özü şəhadətə ucalıb. Zabit və əsgərlərinin dediyinə görə, ölümün gözünə mərd baxan komandir daim əsgərlərini düşünər, onların qayğısına qalarmış.
Şəhidimiz böyük insan seli və el məhəbbəti ilə doğma İsmayıllı rayonunda torpağa tapşırılıb.
Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mayor Sübhi Mürsəliyev ailəli idi, 2 oğlu və bir qızı Vətənə əmanətdir.
Bu gün anası, qardaşı, həyat yoldaşı, övladları onunla fəxr etdiklərini söyləyir, Vətən sağ olsun, deyirlər. Vətən uğrunda, əsgərləri yolunda canını bağışlayan şəhidim, ruhun şad olsun. Cənnətdəki doğum günün mübarək!
Mina RƏŞİD