23.11.2024, 04:50
AZ EN
26.04.2023, 09:00 196

Qardaşımla fəxr edirəm!

XƏBƏRLƏR
  • Şamonun atası Qarabağ Müharibəsi veteranıdır. İkinci Vətən müharibəsində də, Mətləb kişi döyüşlərə can atıb. Amma onu cəbhəyə aparmayıblar. Bu dəfə oğlu Şamo Vətən uğrunda döyüşlərə qatılıb.

Bu gün Vətən Müharibəsində Şuşa uğrunda şəhadətə ucalan Məhərrəmov Şamo Mətləb oğlunun doğum günüdür. O, 1997-ci il aprelin 26-da Rusiyanın Murmanski şəhərində anadan olub. Əslən Qax Rayonu Ləkit Kəndindən olan Şamo 1-ci sinfə həmin kəndin tam orta məktəbində başlayıb. Tam orta təhsilini isə Bakı şəhəri Suraxanı rayonu 279 nomrəli məktəbdə başa vurub. Uşaq vaxtından qayğıkeş olan Şamo  səlis danışığı ilə hər kəsi valeh edərmiş. Onun erkən yaşlarından idmana, döyüşlərə həddindən artıq marağı olub. Jijutsu ilə bir müddət məşğul olub, medallar, diplomlar ilə təltif olunub. Ailə qayğılarına görə ali təhsil ala bilməsə də, özü seçdiyi sənətə yiyələnib.

Hərbi xidmətini Gəncə və Qazax istiqamətlərində keçirib. Xidmətini başa vurduqdan sonra maşınlara olan böyük həvəsinə görə rəngsaz sənətinə meyl salaraq, həmin sənətin sirlərini öyrənməyə başlayıb. Bir müddət Rusiyada işləyib və yenidən öz işinə geri qayıdıb.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanan gün kəndə gedən qəhrəmanımız ailəsi ilə görüşüb. Ata oğlunu özü cəbhəyə yola salıb. Şamo bir sıra həlledici döyüşlərdə iştirak edib. Noyabrın 3-də onun ailəsiylə son danışığı olub, “Hər şey yaxşıdır. Dörd günə gələcəm”-  deyərək sağollaşıb. Aradan xeyli vaxt ötüb. Nigaran olan ailə oğlunu axtarmağa başlayıb. Şamo isə Şuşa uğrunda gedən qızğın döyüşlərdə mərdliklə vuruşub, noyabrın 7-də hətta düşmənlə əlbəyaxa savaşıb. Atası deyir ki, oğlum Şuşanın azad edilməsindən sonra şəhadətə ucalıb. Onlara isə xəbər xeyli sonra gəlib çatıb. 

Şəhidimiz 2020-ci il noyabrın 17-də Qax rayonunun Ləkit kəndində böyük izdiham və el məhəbbəti ilə torpağa tapşırılıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə  Şamo Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şamonun iki gözəl bacısı indi onsuz nə qədər kədərli olsalar da qardaşlarından qürurla danışırlar. “Qardaşımla fəxr edirəm”, deyirlər.

Çünki Şamo Vətən uğrunda gözünü qırpmadan döyüşlərə atılan, Şuşaya qələbə bayrağını sancan oğullardan biridir. “4 günə evimizə dönəcəyəm”, demişdi. Amma üçrəngli bayrağa bürünmüş tabutu gəldi...

Doğmaları yenə “Vətən sağ olsun”, deyirlər.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD   

Oxşar xəbərlər