25.04.2025, 22:55
AZ EN
15.11.2022, 16:50 540

Qayğıkeş və qətiyyətli lider

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan olundu. Bununla əlaqədar olaraq redaksiyaya xeyli müraciətlər daxil olub. Onlardan biri də Xocalı sakini Hüseynov Akif Mirsiyab oğludur.

 - Mən Ulu Öndərimizlə 3 dəfə görüşmüşəm. İlk görüşümüz 1993-cü ildə olub. O vaxt mən Ağdam polisində baş sahə müvəkkili idim. Onda polis də elə ordu ilə birlikdə döyüşlərdə iştirak edirdi. Ulu öndərlə görüşməyim üçün Bərdə rayon hərbi komissarlığına müraciət ediblər, çətinliklə məni Ağdam postundan, Əsgəranla həmsərhəd postlarımız vardı, ordan tapıb Bakıya göndərdilər. Görüş Prezident Aparatında böyük zalda keçirildi. Rəhmətlik Ulu Öndərimiz düz 3 saat ayaqüstə çıxış elədi. Birinci dəfə idi ki, canlı şəkildə yaxından Onu görüb möhtəşəm səsini dinləyirdim. Bu 3 saatlıq çıxışında artıq 5 il içərisində olduğumuz Qarabağ müharibəsinin qaranlıq tərəflərindən ətraflı danışdı, hansı vəziyyətdə olduğumuz, beynəlxalq aləmin Qarabağ məsələsinə dair fikrini iştirakçıların diqqətinə çatdırdı. İkinci görüşümüz 1996-cı ilin fevral ayında baş tutdu. Xocalı soyqırımının 4-cü ildönümü ərəfəsində. O vaxtlar Xocalı şəhər İH başçısı Elman Məmmədov məlumat verdi ki, Ulu Öndərimizlə bir qrup Xocalı sakini ilə görüş keçiriləcək və orda çıxış edəsi insanlardan birinin də mənim olduğumu bildirdi. Bu, şərəfli olduğu qədər də çox məsuliyyətli bir iş idi. Yəni Ulu Öndərin qarşısında çıxış etməyin ağırlığı hələ neçə gün əvvəl mənim çiyinlərimdə idi. Prezident Aparatında bizi qəbul elədilər, əvvəlcə Hidayət Orucov çıxış edəsi şəxslərlə qısa söhbət apardı.

Oradan çıxanda Elman Məmmədov dedi ki, bu tədbirdə heç kimi çıxış üçün çağırmayacaqlar, özünüz çıxıb çıxış edərsiniz. Görüş başladı, Xocalı sakinləri çıxış etdilər. Rəhmətlik Yaqub Əliyev, Kamran Usubov, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşı Qalina xanım çıxış etdilər. Bu ardıcıllıqla mən növbəti çıxış üçün qalxıb getmək istəyirdim ki, məndən qabağa şairimiz, Radio verilişləri Komitəsində işləyən Ələmdar Quluzadə tribunaya çıxdı və xeyli danışdı, Ulu öndərimizin gördüyü böyük işləri qeyd etdi. O əyləşəndən sonra mən ayağa qalxıb tribunaya tərəf getmək istəyəndə Ulu Öndərimiz gülümsəyərək dedi ki, görürəm hamınızın ürəyi doludur, çıxış etmək istəyirsiniz, amma vaxt məhdudiyyətini nəzərə alın deyəndə geri qayıdıb əyləşmək istəyirdim ki, məni əli ilə çağırıb dedi: «Yox, yox sən gəl çıxış elə». Gəlib tribunadan çıxışımı bir az qısa etdim. Özümü təqdim elədim və sonda Onu əmin etdim ki, biz hamımız onun ətrafında sıx birləşmişik və lazım gələrsə torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə getməyə hazırıq. Sonda Ulu Öndər bizi əmin etdi ki, torpaqlarımız azad olunacaq və biz geri dönəcəyik.

3-cü görüşümüz isə Gülüstan sarayında oldu. Ramazan bayramı idi. Şəhid ailələrini dəvət etmişdilər. Mən də böyük qardaşım Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun, hər iki valideynini və 3 övladını itirmiş Milli Ordunun zabiti Bakir Hüseynovun, Xocalı faciəsində itkin düşmüş zabit qardaşımın ailəsini də götürüb oraya getmişdim. Orda bizi qəbul etdilər və Ulu Öndərin əyləşdiyi masanın yaxınlığındakı masada bizi əyləşdirdilər. Eyni zamanda qardaşımın oğlu Muradı Ümummilli liderimizin sağ tərəfində, Əlif Hacıyevin qızı Zarinanı isə solunda əyləşdirdilər. Çox səmimi, yaddaqalan bir görüş keçdi, bu, göstərirdi ki, O, hər zaman məcburi köçkünlərin, qaçqınların, şəhid ailələrinin yanındadır və hər zaman da bu qayğı və diqqəti öz ailəmizin üzərində hiss etmişəm, bunu da ömrümün axırına kimi unutmayacağam.

Onu da qeyd edim ki, yuxarıda qeyd etdiyim kimi, biz bu gün bir vaxtlar uzaqgörənliklə deyilmiş sözlərin həqiqiliyini öz gözlərimizlə g\ördük. Ulu Öndərin layiqli davamçısı, ölkə başçımız cənab İlham Əliyevin qətiyyəti, dəmir yumruğu sayəsində rəşadətli ordumuz bizə Zəfər qismət etdi. İndi Ulu Öndərimizin də ruhu şaddır. Allah ona rəhmət eləsin. 

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR