AZƏRTAC bu dəfə əlsən Laçın rayonunun Sus kəndindən olan, lakin Birinci Qarabağ müharibəsi zamanı doğma yurdundan didərgin düşərək Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşan Hüseynovlar ailəsinin qonağı olub. Ev sahibi o qədər həyəcanlı idi ki, evə ayaq basar-basmaz Laçından danışmağa başladı: “Burada yataqxanada yaşamağımıza baxmayın, Susda sərin çayın kənarında səfalı yerimiz vardı. Orada atamgillə birlikdə yaşayırdıq. Ailədə üç qardaş idik. Özümüz üçün yeni ev tikirdik. Təmir işlərini bitirmək üzrə olsaq da, yağı düşmən buna imkan vermədi. Heyif…Evi elə tərk etməli olduq ki, oradan bir çöp də götürə bilmədik”.
Raqif Hüseynov 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub, 1977-1979-cu illərdə hərbi xidmətini uğurla başa vuraraq kəndlərinə geri qayıdıb. 12 il Laçında asfalt-beton zavodunda işləyən müsahibimiz deyir ki, ailə həyatı qurub övladlarını doğma torpağın təmiz havasında böyütməyi düşünsə də, düşmən buna imkan verməyib. “1988-ci ildən 1993-cü ilədək döyüşdə oldum, yaralandım. Kənd sakinləri torpaqlarını tərk etmək məcburiyyətində qaldılar... Mən döyüşdə olarkən atamgil ailəmi də götürüb Bərdəyə getmişdi. Laçından elə çıxmalı oldum ki...İndiyədək ən çox içərisində uşaqlıq, cavanlıq və əsgərlik illərimlə bağlı olan şəkil albomumu götürə bilməməyimə heyfislənirəm. Orada hərbi xidmət zamanı tanış olduğum yoldaşların əlaqə nömrələri, ünvanları var idi. Birtəhər canımı götürüb çıxdım”, - deyə o qeyd edib.
R.Hüseynov Bərdəyə - atasıgilin yanına gəldikdən sonra Taxtakörpüyə yollanıb. Bir müddət orada əmək fəaliyyəti ilə məşğul olan Hüseynovlar ailəsi təxminən 1996-1997-ci illərdə Bakıya köçüblər.
“Bakıda dostumun köməyi ilə bir iş tapdım, iki ilə yaxın orada çalışdım. Daha sonra yaşımla əlaqədar işləməyimdə çətinlik yarandı. İki övladımı Vətən sevgisi ilə böyütdüm”, - deyən Raqif Hüseynov kövrəldi. “Prezidentin tvitini televiziyadan eşitdim.....”, - söyləyən R.Hüseynov sevincdən axan göz yaşlarını silib nitqinə davam etdi: “Prezidentin tvitini görəndə çox kövrəldim. Allah Ali Baş Komandanımıza cansağlığı versin. Özümə söz vermişəm, Laçına qayıdan kimi doğma torpağımı öpüb gözlərim üstə qoyacağam. İkinci oğlum subaydır, əhd etmişəm, ona Susda təmtəraqlı toy edəcəyəm”.
Sonda R.Hüseynov azad olunmuş bütün torpaqların sakinlərinə öz evlərinə, doğma ocaqlarına qayıdacağı günü yaşamağı arzu edib.