Tədbirdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev 8 Noyabr - Zəfər Günü ilə bağlı fikirlərini söyləyib. Dağıdılmış ərazilərin müharibədən qısa müddət sonra bərpasına başlanıldığını bildirən rektor həmin əraziləri əyani şəkildə görməyin vacibliyini diqqətə çatdırıb.
E.Babayev qeyd edib ki, müharibədən sonrakı əsas problem mina məsələsidir. Problemin mövcud olmasına baxmayaraq, ermənilər tərəfindən dağıdılmış ərazilərin bərpası sürətlə davam etdirilir. Rektor , həmçinin diqqətə çatdırıb ki, BDU bir çox layihələrdə maliyyə tərəfdaşı kimi çıxış etməyə hazırdır. O, gənclərə müraciət edərək deyib ki, bərpa proseslərinə hər bir kəsin qatılması çox vacibdir.
Sonra tədbirdə ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, işğal zamanı dağıdılmış əraziləri bərpa edərək yenidən dirçəltmək vacibdir. Lakin bu proses çox mürəkkəbdir. Qeyd edilib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atılacaq addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər.
R.Hacıyev deyib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, hazırda həmin ərazilərdə ciddi tikinti-quruculuq işləri aparılır, yeni yollar, hava limanları tikilir, infrastruktur bərpa edilir. Ancaq dağıntıların aradan qaldırılması, yaşayış məntəqələrinin, infrastrukturun bərpası böyük vəsait və vaxt tələb edən prosesdir.
“İşğaldan azad olunan ərazilərə səfər zamanı öz gözlərinizlə görə bilərsiniz ki, bir çox abidələr, məktəblər, yaşayış obyektləri dağıdılıb. Ən əsası isə tarixi abidələrdir. Azərbaycanın tarixini əks etdirən abidələrə, binalara, həmçinin məzarlıqlara da ciddi zərər vurulub”, - deyə Fondun İdarə Heyətinin sədri bildirib.
O qeyd edib ki, fəaliyyətə başladığı ilk günlərdən qarşısına qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edən Qarabağ Dirçəliş Fondu tərəfindən ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, ətraf mühitə vurulan zərərin nəticələrinin aradan qaldırılması, ianə mədəniyyətinin təbliği və erməni işğalçı qüvvələrinin ölkəmizə vurduğu külli miqdarda ziyan barədə obyektiv məlumatların geniş ictimaiyyətə çatdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib.
İdarə Heyətinin sədri bərpa prosesində tələbələrin, gənclərin rolundan da danışıb. Deyib ki, bu günün tələbələri sabahın iş adamları, investorlarıdır. Onlar mühüm vəzifələr tutmaqla ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edəcəklər və azad olunan ərazilərin bərpasına öz töhfələrini verəcəklər. Buna görə də Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir.
Daha sonra çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Vətən müharibəsindən danışaraq bildirib ki, 30 ildən sonra biz tarixi Zəfər qazandıq. Onlarla vətəndaş həmin vaxtlarda cəbhəyə dəstək olmuşdu. “Biz Vətən müharibəsində haqlı tərəf idik, öz ərazilərimizi işğaldan azad etdik. Bu ərazilərdə dağıdılan, zərər vurulan bütün obyektlərin bərpa işlərini öz hesabımıza edirik”, - deyə F.Məmmədov qeyd edib.
Fərhad Məmmədov bildirib ki, həmin ərazilərdə təkcə yollar, binalar dağıdılmayıb, hətta ağaclar da kəsilib. O vurğulayıb ki, bərpa prosesində ölkəmizə heç kəs kömək etmir, dağıdılmış ərazilərin dirçəlişini, bərpasını özümüz həyata keçiririk. Bunların hamısı planlı şəkildə edilir.
Sonda mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.