Əslən Qubadlı rayonundan olan Elçin Bayram oğlu Alıyev 1975-ci iyulun 16-da Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 1982-сi ildə Qubadlı şəhər 1 saylı orta məktəbini bitirib, həmin ildə də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub, sonra isə Ali Hərbi Məktəbə yerdəyişmə etmişdir. 1997-ci ildə Taktiki Yerüstü Arrilleriya Komandirliyi və Artilleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasına yiyələnmişdir. 1997-2005-ci illərdə N saylı hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin köməkçisi vəzifəsindən xidmət etmişdir. 2014-cü ilin sentyabrından, 2015-c ilin yanvar tarixə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllim işləmişdir. 2016-cı ilin Aprel döyüşlərində “Lələ təpə”nin azad olunmasında öndə döyüşənlərdən biri olmuşdur.
Hərb sahəsində göstərdiyi qüsursuz xidmətlərinə görə bir çox diplom və mükafatlara layiq görülmüşdür. Təqaüdə çıxmasına baxmayaraq, 2020-ci il oktyabrın 1-də N saylı hərbi hissədə könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Döyüş yolu Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlamış, sonra isə əsgərləri ilə birgə Füzulidə döyüşə qatılmışdır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin və hərbi sursatının məhv edilməsində rəşadət göstərmişdir. Döyüşlər zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdir. Şuşanın azadlığı uğrunda döyüş əməliyyatlarına rəhbrlik edən qəhrəmanımız noyabrın 7-də sinəsindən 3 güllə yarası alsa da, bir gün yaralı vəziyyətdə döyüşüb. O, noyabrın 10-da Şuşa uğrunda ölüm-qalım mübarizəsində qəhrəmanlıq göstərərək şəhidlik sirvəsinə ucalmışdır. Bakıda böyük izdihamla İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Elçin Alıyevin həyat yoldaşı Təzəgül Alıyeva deyir ki, Elçinin axırıncı zəngi noyabrın 2-də oldu. Dedi ki, Şuşaya gedirik, zəng çatmasa narahat olma. Özün də hər vaxt şəhid adını eşitməyə hazır ol. 9 gün heç bir səs gəlmədi. Çox narahat olsam da sözü yadıma düşürdü, zəng çatmasa narahat olma, özüm zəng edəcəm.
Sonra əlavə edir ki, “müharibə qurtardı”, - sözünü eşidəndə sevincimin həddi-hüdudu olmadı. Amma ürəyim çox narahat idi. Telefon əlimdə zəng gözləyir “indi Elçin zəng edib şad xəbər verəcək”-, deyə düşünürdüm. Amma olmadı, gözlədiyim zəng gəlmədi. Komissarlıqdan yaralı xəbəri gəldi, inanmadım, getdim komissarlığa, dedim, həqiqəti deyin mənə. Ürəyimə dammışdı, bilirdim ki, mənə düzünü demirlər. Dedim, hər şeyə hazıram, komissar. Hazırsansa, Elçin şəhid olub dedi. Evə qayıtdım, onun adına layiq, özünün istədiyi kimi, təmkinli, dözümlü olmalıydım. El-obamla və əmanət qoyduğu üç oğul övladları ilə əbədi mənzilinə yola saldıq şəhidimizi...
Azərbaycan Silahlı Qüvvələrinin mayoru Elçin Alıyev ölümündən sonra “Azərbaycan Bayrağı” və “Rəşadət” ordenləri, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasəna görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ