22.11.2024, 07:29
AZ EN
07.11.2022, 11:40 425

Şəhid rejissor Elnur Allahverdizadənin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün şəhid əsgər, rejissor Elnur Əli oğlu Allahverdizadənin anım günüdür. Əslən Zəngilan rayonundan olan Elnur 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib. 2016-2017-ci illərdə hərbi xidmətdə olub.

E.Allahverdizadə onlarla serialın, filmin səs rejissoru, "Picmus production”un əməkdaşı idi. “Barama" və "Atılmışlar” serialları, bir çox reklam çarxlarının səs rejissoru olub. Xüsusilə, “Son iclas” bədii filminin bum operatoru, "Buğlama" komediya serialının isə səs operatoru kimi tanınıb.

O, 2020-ci il sentyabrın 27-də  işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq topçu kimi savaşa qatılıb. O, Ağdam, Tərtər, Ağcəbədi və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmişə öz fəallığı, cəsarəti ilə seçilib. 2020-ci il noyabrın 7-də Ağcəbədi rayonunun Yuxarı Qiyaməddinli kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmanlıqla şəhid olub. 8 noyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

2021-ci ildə Sumqayıt şəhərində şəhid Elnur Allahverdizadənin xatirə lövhəsi açılıb.

Atası Əli Həsənov deyir ki, Elnur müharibəyə getdiyini onlara bildirməyib. O, Ağcəbədidə təlimdə olduğunu söyləyib. Deyirmiş ki, burada heç atəş səsi də yoxdur… Anası Süsən xanım isə oğlunun şəhid olduğunu bir neçə dəfə yuxuda görüb. “Onun işiylə bağlı dəfələrlə xaricə getmək imkanı oldsa da fikrindən daşınıb. Sanki olanları hiss edirmiş”. Qardaşı Səbuhinin söylədiyinə görə, Elnurla birlikdə döyüşən zabit onlara gəlib. Elnurun döyüş yolundan danışaraq deyib ki, o, çox mərd, igid bir əsgər olub, onda düşməndən qorxu hissi yox idi.

Elnur şəhid olanda 25 yaşı vardı. Allah rəhmət eləsin, məzarı nurla dolsun.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR