Təqdimat zamanı Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri, tarixi abidələri, muzeyləri və milli mətbəxi haqqında ətraflı məlumat verilib.
Çıxışlarda ölkəmizin müalicəvi təbii sərvətlərinə xüsusi diqqət yetirilib, regionlarda yerləşən Təbii Müalicə mərkəzləri barədə geniş məlumat təqdim olunub. Tədbir çərçivəsində mövzuya uyğun videoçarxlar da nümayiş etdirilib.
Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İsveçli iş adamları Azərbaycana səfər etmək istədiklərini, ölkənin turizm potensialı ilə yaxından tanış olmağa maraq göstərdiklərini bildiriblər.
Sevda Dadaşova çıxışında Bakı şəhərinin tarixinə də toxunaraq Azərbaycanla İsveçi birləşdirən ortaq tarixi əlaqələri vurğulayıb. Xüsusilə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti qeyd edilib və bu əməkdaşlığın hər iki ölkə üçün mühüm nailiyyətlər qazandırdığı diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycana səfər proqramı da təqdim olunub.
Təqdimatın sonunda Sevda Dadaşova iştirakçıların suallarını cavablandıraraq bildirib ki, Azərbaycana səfər ən gözəl və unudulmaz səfərlərdən biri kimi yadda qalır və bu ölkəyə yenidən qayıtmaq arzusu yaradır. (AZƏRTAC)