Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib. Qurultayda 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri və XIII qurultayın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciəti AYB-nin katibi İlqar Fəhmi oxuyub.
Müraciətdə yazıçılar Azərbaycanın tarixi qələbəsinə, ədəbiyyat sahəsinə göstərdiyi diqqət və qayğısına görə ölkə Prezidentinə təşəkkür ediblər.
Qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara müraciət ünvanlayıb. Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçirilib. Birliyin sədrliyinə üç namizədin adı məlum olub. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.
Beləliklə, AYB-nin XIII qurultayında keçirilən səsverməyə görə Anar yenidən sədr seçilib.
Mina RƏŞİD