AMEA-dan verilən məlumata görə, kitaba Azərbaycan şairi, ictimai xadim və rəssam Xurşidbanu Natəvanın (1832-1897) “Gül dəftəri” adlı albomu daxil edilib. Albomdakı rəsmlərlə yanaşı, şeirlər və müxtəlif qeydlər həm orijinal şəkildə, həm də tərcümə və transfoneliterasiya edilərək oxucuların ixtiyarına verilib. Kitabda Xurşidbanu Natəvanın özünün və yaxınlarının fotoları, şəxsi əşyası, o cümlədən bədii tikmələri və digər əl işləri, Natəvana həsr olunmuş təsviri sənət əsərləri (rəsmlər, heykəltaraşlıq nümunələri) və s. də əks olunub.
Qeyd edək ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda M-117 şifrəsi altında mühafizə olunan “Gül dəftəri” 2023-cü ildə UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə daxil edilib. (AZƏRTAC)