24.04.2025, 18:28
AZ EN
09.10.2024, 08:51 241

Böyüyəndə atamız kimi komandir olacağıq...

XƏBƏRLƏR
  • İlqarın anası deyir ki, 44 günlük müharibədə balamın 44 yaşı tamam oldu. İlqar  vətəncanlı, dostcanlı, anasını, ailəsini sevən, istəkli bir övlad idi. Balam Vətənə qüsursuz xidmət edib. Onunla fəxr edirəm, sağ olsun prezidentimizi, balamı orden və medallarla təltif elədi...

İlqarın həyat yoldaşı isə -“Mən ancaq onu deyə bilərəm ki, onunla fəxr edirəm, o mənim qəhrəmanımdır”, deyir. Bildirir ki, İlqar gözəl ailə başçısı, gözəl dost və gözəl insan olub. Şəhidimizin əkiz oğulları   deyirlər ki, biz də böyüyəndə atamız kimi komandir olacağıq...

Bu gün 44 günlük Şanlı Vətən Müharibəsinin 44 yaşlı qəhrəmanı, şəhid, baş gizir İlqar Şəmiyyət oğlu Hüseynlinin anım günüdür. O, 1976-cı il oktyabrın 6-da Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. İlqar 22 il idi ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənin keşiyində dururdu. O, Aprel döyüşlərinin də iştirakçısı olmuşdu. İlqar Hüseynli xidməti dövründə dəfələrlə qüsursuz xidmətinə görə fəxri fərman və medallarla təltif olunub.

Azərbaycan ordusunun baş giziri İlqar Hüseynli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Piyadaların döyüş maşınının komandiri kimi iştirak edir. Döyüşlərdə şücaətlər göstərən İlqar Hüseynli 2020-ci il sentyabrın 27-də Suqovşan uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı. Onun mübarək nəşi bir neçə gün neytral zonada qaldıqdan sonra şəhidimiz 2020-ci ilin oktyabrın 9-da doğma Xudat şəhərinin qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

İlqar evli idi, onun bir qız və iki oğul övladı Vətənə yadigar qalıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə İlqar Hüseynli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər