16.12.2024, 03:01
AZ EN
06.04.2023, 19:25 217

Terrorçu molla rejiminin İslam həmrəyliyindən danışması riyakarlıqdır

XƏBƏRLƏR
  • Bu gün bədnam qonşu İranın üzdəniraq fars-molla rejimi Azərbaycana qarşı hər addımda riyakarlığı diqqətdən kənarda qalmır.

Bu riyakarlıqlar çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. İranın işğalçı Ermənistanla əlaqələrinin dərin köklərə malik olması zaman-zaman bu ölkənin anti-Azərbaycan əməllərinin dərinləşməsində özünün aydın ifadəsini tapır. Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə, artan nüfuzuna, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin beynəlxalq səviyyədə dəstəklənməsinə qısqanclıqla yanaşan ermənipərəst dairələr Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfəri, bölgədə yaratdığı yeni reallıqları həzm edə bilmirlər. Buna görə də regionda sabitliyin pozulması üçün hər cür çirkin əməllərə əl atırlar. Bu sahədə ermənilərə daha çox yaxın olan Fransa və İranın Azərbaycan əleyhinə həyata keçirdikləri təxribatlar bölgədə sabitliyin pozulmasına yönəlib. Bu üç şər dövlətini birləşdirən antibəşəri dəyərlərin geniş təhlilinə ehtiyac yoxdur. Terroru dəstəkləməklə yanaşı, özləri bu prosesin iştirakçıları olan hər üç dövlətin ölkəmizə münasibətinin miqyasını təsəvvür etmək üçün istər Azərbaycan torpaqlarının 30 il davam edən işğalı, istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə törətdikləri əməllərin xronologiyasına diqqət yetirmək kifayətdir. İşğal dövründə sözdə Azərbaycana dəstək verdiyini bəyan edən, əməldə isə Ermənistana yardımlarını əsirgəməyən İran Vətən müharibəsinin davam etdiyi müddətdə də bu çirkin əməllərindən əl çəkmədi. Bu müddətdə İranın fars-molla rejiminin Ermənistana hərtərəfli dəstəyini təsdiqləyən xeyli sayda faktlar aşkarlandı. Tarixi Zəfərimizdən sonra bu şər üçbucağının daha da yaxınlaşaraq Azərbaycana qarşı açıq-aşkar cəbhə yaratmaları diqqətdən kənarda qalmır.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Qeyd edilib ki, Tehranda Azərbaycan səfirliyinə silahlı hücumdan bu günədək hadisələrin gedişinə diqqət yetirərkən məkan və zamanın fərqli olmasına baxmayaraq, zəncirvari şəkildə bir-birinə bağlı olan bu qanlı olaylarda İranın xüsusi-xidmət orqanlarının barmağının olduğu açıq-aydın görünür. Səfirliyimizdə yaşananlar İranın molla rejiminin terrora dövlət səviyyəsində dəstəyinin əyani təsdiqi oldu. Mollakratiya hadisənin məişət zəminində baş verməsi ilə bağlı yalanlar uydurmaqda davam etdiyi bir vaxtda Tehrandakı səfirliyimizə hücumun çirkin terror hadisəsi olduğunu bütün dünya gördü.

Baş redaktor bildirib ki, İranın terrorçu dövlət olduğu beynəlxalq səviyyədə təsdiqini tapmış reallıqdır və bunu bütün dünya ictimaiyyəti də etiraf edir. Belə əməllərin davamlı və sistemli hal almasında dünyanın ikili standartlara əsaslanan siyasəti az rol oynamır. Unutmayaq ki, 30 il davam edən işğal dövründə də Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarının əsasında dünya ictimaiyyətinin baş verənlərə laqeyd yanaşması, təcavüzkara dəstəyi dayanırdı.

Diqqəti fars-molla rejiminin son addımlarına yönəldən V.Rəhimzadə bildirib ki, İran parlamenti aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bədnam bəyanat qəbul edib. Həmin bəyanatda molla rejimi abır-həya etmədən, heç bir əxlaq normasını gözləmədən, utanmazcasına Azərbaycanın İsraildə səfirliyinin açılmasını guya İslam dünyasının maraqlarına “zidd hərəkət” kimi dəyərləndirir. Hətta İranın molla deputatları bir qədər də irəli gedərək bu addımın pislənilməsi ilə bağlı ərəb və İslam ölkələri hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına çağırışlar ediblər. Görəsən molla rejimi Azərbaycanı guya İslam dəyərlərinə zidd addım atmaqda günahlandırarkən 30 illik işğal dövründə ermənilərə dəstəyini yada salıb xəcalət çəkirmi? Ona görə məhz həmin dövrü deyirik ki, ermənilər 30 il ərzində dini abidələrimizi dağıtmaqla, məscidlərimizdə donuz saxlamaqla bütövlükdə İslam dünyasını açıq-aşkar təhqir edirdilər. İran isə bu əməllərə üzdə göz yumub, arxada dəstək verməklə müsəlmanların qatı düşmənləri ilə əlaqələrini daha da dərinləşdirir. Həmin riyakar bəyanatda belə bir ikrah hissi doğuran məqam da yer alır ki, Azərbaycanın İsraildə səfirlik açmasının bir çox mənfi siyasi nəticələri olacaq. Bu, molla rejiminin həyasızlığının pik nöqtəsidir. Əgər İran müsəlman təəssübkeşi rolunu sözdə yox, əməldə oynasaydı, o zaman Azərbaycanın tarixi qələbəsinə sevinərdi. Ermənistanın 30 illik işğalına son qoyan Azərbaycanın erməni vandallarını torpaqlarından qovmasından sonra qonşu İranın ermənipərəst siyasətini davam etdirməsi nə təcavüzkar dövlətə, nə də Azərbaycana düşmən kəsildiyini hər addımında büruzə verən molla rejiminə yaxşı heç nə vəd etmir. Bu gün Azərbaycanı əsassız ittiham edən İranın molla rejimi 30 ilə yaxın erməni işğalı altında qalan ərazilərimizdə dini abidələrin, məscidlərin dağıdılmasını, təhqir edilməsini, məsciddə donuz saxlanılmasını susqunluqla qarşılaması əxlaqsızlığın və riyakarlığın kulminasiya nöqtəsidir. İranın riyakarlığına heç nə ilə haqq qazandırmaq mümkün deyil. Heç bir mənəvi-əxlaqi haqqı olmadığı halda utanmadan İslam həmrəyliyindən danışan İran parlamentinin qəbul etdiyi məlum bəyanat molla rejiminin Azərbaycana qarşı necə riyakar mövqedə dayandığına bir daha işıq salır.

Vüqar Rəhimzadə əlavə edib ki, son hadisələr İranın ölkəmizə qarşı münasibətinə bələdçilik edir. Qeyd etdiyimiz kimi, səfirliyimizə, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktlarının üstünün Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində çox qısa zamanda açılması və qanlı hadisələrə hüquqi qiymət verilməsi onu deməyə əsas verir ki, sular durulduqca molla rejiminin Azərbaycana qarşı riyakarlığının kökündə dayanan məqamlar da aşkara çıxır. Eyni zamanda, ölkəmizə qarşı törədilən hadisələrin ssenarisinin haradan qaynaqlandığı bəlli olur. Ermənistan və onun İran, Fransa kimi himayədarları 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın nəyə qadir olduğunu gördülər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman bu çağırış səsləndirir ki, heç bir ölkə və qüvvə Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan müstəqil dövlətdir, heç bir dövlətin diktəsi ilə oturub durmur. Bu və ya digər ölkədə səfirliklərimizin açılması müstəqil Azərbaycan dövlətinin suveren hüququdur.("AZERTAC")

Oxşar xəbərlər