Ölkəmizdə əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də əlilliyi olan uşaqlar aylıq müavinətlə təmin olunur. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü də ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.
Əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi də daim diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olmaqla, bu sahədə mühüm rola malikdir. Eyni zamanda, Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin müxtəlif bölgələrində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq üçün Regional İnformasiya Mərkəzləri də yaradılıb.
Ölkəmizdə son illərdə yüksək texnologiyalı son nəsil protezlərlə təminat da həyata keçirilir.
Hazırda Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs var.
Hər il olduğu kimi bu il də Beynəlxalq Əlillər Günü ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər keçirilir.
Hazırladı: Mina RƏŞİD